Qarabağ münaqişəsində mühüm yeniliklər

18 Oktyabr 2018 08:00 (UTC+04:00)

Xarici işlər naziri Elmar Məmmədyarov bildirir ki, Dağlıq Qarabağ məsələsi ilə əlaqədar bağlı qapılar arxasında eşitdiklərimiz bizə irəli getmək imkanları barədə müsbət impuls verir. Qeyd edək ki, son zamanlar ATƏT-in Minsk qrupu həmsədr ölkələrinin bəzi nümayəndələri tərəfindən də münaqişənin nizamlanması barədə müsbət impulsların olduğuna dair fikirlər səslənib. Belə bir fikirlə, həm Rusiyanın, həm də ABŞ-ın bir sıra rəsmiləri çıxış ediblər. 

Xatırladaq ki, münaqişənin nizamlanması «Madrid prinsipləri»ndə öz əksini tapıb. Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, danışıqlar prosesində Azərbaycanın bütün sahələr üzrə düşmənlə müqayisədə ciddi üstünlüklərə malik olduğu heç kimə sirr deyil: “Dağlıq Qarabağ probleminin çözülməsilə istiqamətində danışıqlar bağlı qapılar arxasında aparıldığından mahiyyət 
 barədə təbii ki, bizim məlumatlarımız yoxdur. Təbii ki, Azərbaycan xarici işlər naziri  Elmar Məmmədyarov 
Qarabağ məsələsi ilə bağlı qapılar arxasında eşitdiklərimizin həll prosesində irəli getmək imkanları barədə müsbət impuls verdiyini deyirsə, deməli, bunun üçün ciddi əsaslar var. Amma hər halda bir məsələ də var ki, istənilən halda mətbuatın iştirakı ilə və eyni zamanda iştirakı olmadan görülən işlər də var. Yəni, bu nöqteyi-nəzərdən mətbuat üçün açıq olan məqamlar da var və yaxud bütövlükdə danışıqlar prosesinə kölgə salmamaq üçün qapalı məqamlar da vardır. Bu da anlaşılandır. Çünki danışıqlar prosesinin bütün detallarını açıqlamaq olmaz. Açıqlanarsa, bir çox hallarda onun xeyrindən çox ziyanı ola bilər. Məsələyə bu kontekstdə yanaşdıqda, deyə bilərik ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov artıq iki dəfə Ermənistanın yeni xarici işlər nazirilə görüş keçirib. Hər iki nazir BMT Baş Assambleyasının 73-cü sessiyasında görüşüb. Görünür, həmin görüşə əsaslanaraq Məmmədyarov bu kontekstdə fikirlər səsləndirib. 
Eyni zamanda Azərbaycan Prezidentinin Rusiyaya, Vladimir Putinin də Bakıya səfərləri oldu. Həmçinin Azərbaycan və Ermənistan rəhbərlərinin Düşənbədə söhbətləri oldu. Görünür, bu danışıqlar prosesinin məntiqindən irəli gələrək yaranmış vəziyyət 
Elmar Məmmədyarovda pozitiv fikirlər söyləməyə əsas yaradıb. Təbii ki, cənab Məmmədyarov danışıqların detallarını açıqlamır. Açıqlaması bir çox hallarda müsbət tendensiyaları tormozlaya bilər.  Hər halda danışıqlar prosesində Azərbaycanın siyasi, diplomatik, həm də hərbi üstünlüyünün olması heç kimə sirr deyil. Məsələyə bu kontekstdə yanaşdıqda, danışıqlar prosesində müəyyən pozitiv məqamların olması şübhəsiz və məntiqlidir”. 
Siyasi icmalçı Azər Həsrətin fikrincə, Azərbaycanın konfliktin həlli istiqamətində atdığı addımlar belə bir fikrə gəlməyə əsas verir: “Hər halda münaqişənin tənzimlənməsilə əlaqədar bağlı qapılar arxasında nələrin müzakirə edildiyini söyləyə bilmərik. Amma bununla belə Azərbaycan xarici işlər naziri tərəfindən bu istiqamətdə müəyyən pozitiv fikirlər səslənibsə, deməli, ortada nələrsə var. 
Son zamanlar Azərbaycanın münaqişənin çözümü istiqamətində atdığı addımlar və gördüyü işlər də belə düşünməyə əsas verə bilər. Artıq demək olar ki, bütün beynəlxalq təşkilatlarda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qərarlar qəbul edilib. Rusiya da münaqişənin tezliklə çözülməsini istədiyini bildirib. Ermənistan baş naziri Nikol Paşinyan da görünür, münaqişə ətrafında mövcud vəziyyətin qalmasının ölkəsinin beynəlxalq marağına ziyan vurduğunu anlamağa başlayıb. Ona görə də ola bilsin, pozitiv mövqeyə gəlib. Bütün bunlara əsasən də münaqişənin çözümü istiqamətində müsbət impulsların işartıları görünür”.
Rüfət NADİROĞLU