Vaşinqton Cənubi Qafqazda fəallaşmağa başlayıb

18 Oktyabr 2018 09:15 (UTC+04:00)

ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Boltonun Azərbaycan da daxil olmaqla Cənubi Qafqaz respublikalarına qarşıdakı səfəri fonunda fikirlər səslənir ki, ABŞ Qarabağ məsələsində yeni ideyalarla çıxış edir. Ekespertlər Ermənistana bu məsələdə təzyiqlərin arta biləcəyini istisna etmirlər.  

Con Boltonun səfəri ərəfəsində ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz  erməni mətbuatına müsahibəsində deyib: “Buraya ilk dəfə gəldiyimdə mən ermənilərin əksəriyyətinin işğal olunmuş ərazilərin danışıqlar prosesinin bir hissəsi kimi qayıtmasına qarşı qətiyyətlə çıxış etmələrinə təəccübləndim. Ermənistanda məqbul həll yolları, yaxud mümkün kompromislər haqqında demək olar ki, heç bir müzakirə aparılmaması faktı məni təəccübləndirir”.  O bildirib ki, erməni xalqı hansı həll variantına hazır olduğuna dair qərar verməlidir, çünki, reallıq ondan ibarətdir ki, hər hansı bir nizamlanma işğal olunmuş ərazilərin müəyyən bir hissəsinin qaytarılmasını tələb edəcəkdir. Yəni, işğal olunmuş ərazilərin müəyyən hissəsi Azərbaycana qaytarılmadan Dağlıq Qarabağ münaqişəsi həll edilə bilməz. 
Bu biri tərəfdən Con Boltonun Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstana gözlənilən səfərinə həm region ölkələrində, həm də dünya mediasında maraq böyükdür. Ona görə ki, bu regionun siyasi qaynarlığı və iqtisadi manevr qabiliyyəti dünya güclərinin geosiyasi maraqları üzərində əhəmiyyətli mövqe tutur.
Tarixin bir dövründə Cənubi Qafqaz İran və Rusiya arasında tıncıxaraq çətin vaxtlarını yaşayırdı. İndi bu iki oddan biri – İran çətin durumdadır. İkinci od rolunu isə ABŞ oynayır. Rusiya-ABŞ maraqları regionda toqquşur və regionun tarixi sakinlərini çətin vəziyyətə sürükləyir. 
Amerika İranla qovğasında ciddi irəliləyişə nail olmadığı üçün Cənubi Qafqazın üç ölkəsini də bu işə cəlb etməyi düşünür. Gürcüstanın Qərbə meyillənməsi okeanın o tayından gələnlərin işini asanlaşdırır. Bu ölkə Qərbin sözündən çıxası vəziyyətdə deyil. Ermənistan Qərblə münasibətlərində təzə addımlamağa başlayan körpə kimidir. Onun Rusiyanın təsirindən çıxıb ABŞ-ın təlimatını yerinə yetirməsi ağlanatan deyil. Üstəlik, İranla münasibətlərin dondurulması bu ölkəyə heç cür sərf etmir. Qəribədir ki, ermənilər hazırda Rusiyanın cəngindən qopmaq üçün İranın yardımından istifadə etmək istəyirlər. Bu tərəfdən də Amerika bu ölkəyə İranla iqtisadi əlaqələri kəsməyi tələb edir. 
İş gəlib Azərbaycana çatanda ABŞ-ın işi daha da qəlizləşir. Həmişə kiçik ölkələri öz himayəsinə alıb məsləhətlər verən ABŞ siyasiləri indi Azərbaycanla başa-baş müzakirə aparmaq zorundadırlar. Çünki, müstəqilliyin bütün atributlarını ən yüksək səviyyədə qoruyan və həyata keçirən ölkəmizin rəhbərliyi hər bir məsələni suveren hüquqlar, bərabərlik və qarşılıqlı mənafelər üzərində qurur. Azərbaycanın siyasi rəhbərliyinin amerikalı rəsmilərin tələbi fonunda  İranla əlaqələrə mənfi təsir göstərə biləcək addımlar atması heç cür gözlənilən deyil. Çünki, Bakının Tehranla münasibətləri mehriban qonşuluq və dostluq münasibətlərinə əsaslanır və hər iki tərəfin mənafeyinə cavab verir. Digər tərəfdən, Azərbaycan öz iqtisadiyyatının diversifikasiyası çərçivəsində Qərb ölkələrinin enerji təchizatında fəal iştirak etməklə onların enerji təhlükəsizliyinin təminatına ciddi töhfələr verib. Bu, əslində həm də ciddi siyasi dəstək deməkdir, ona görə ki, enerji təhlükəsizliyi Avropa Birliyinin 10-dan çox ölkəsinə siyasətdə sərbəst fəaliyyət imkanını artırıb. 
Amma hər bir halda Con Bolton Bakıda niyyətinə çatmaq üçün ciddi səylət göstərəcək və güman ki, Qarabağ münaqişəsini siyasi müstəviyə gətirəcək. İstənilən halda Con Boltonu Azərbaycanda heç asan olmayan müzakirələr gözləyir və o, yalnız o zaman uğur qazana bilər ki, birincisi, Azərbaycan sərhədlərinin BMT tərəfindən tanınmış konturlarının bərpasını təklif etsin, ikincisi, Azərbaycan – İran əlaqələrinin yüksə səviyyəsindən İran-ABŞ  münasibətlərinin yoluna qoyulması üçün istifadə etməyə çalışsın. 
N.NOVRUZ