Azərbaycan qızıl ehtiyatlarını artırır

19 Oktyabr 2018 09:00 (UTC+04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) cari ildə 14,3 ton qızıl alıb.Bu barədə Neft Fondundan məlumat verilib: "2017-ci ilin sonuna Dövlət Neft Fondunun investisiya portfelində qızılın ümumi miqdarı 30 ton 174,9 kiloqram (970 145,5 troya unsiyası) olub. Cari ildə əlavə olaraq 14 ton 343,6 kiloqram (461 156,7 troya unsiyası) qızılın alınması ilə ARDNF-in investisiya portfelində qızılın ümumi miqdarı bu il sentyabrın 30-u tarixinə 44 ton 518,5 kiloqram (1 431 302,31 troya unsiyası) və yaxud 1 milyard 694 milyon ABŞ dolları təşkil edib”. Dövlət Neft Fondunu valyuta ehtiyatlarının tərkibində qızılın payının yenidən sürətlə artırmasının səbəbi nədir? 

İqtisadçı Nazim Bəydəmirli qeyd edir: “Qızıl əşyaları, daşınmaz əmlak  Dövlət Neft Fondunun investisiya portfelinin strukturunda böyük həcmdə olmamalıdır. Əslində, Dövlət Neft Fondu qiymətli kağızlar bazarında mövcud olan şirkətlərin səhmlərini almaqla daha çox gəlir əldə edə bilər. Hesab edirəm ki, DNF Azərbaycanın daxili bazarında kommersiya banklarına ucuz resurslar verməklıə real sektorun canlanmasına öz töhfəsini verə bilər. Bu minvalla ucuz kreditlər verməklə kredit dərəcəsi faizinin aşağı düşməsinə şərait yaratmış olardılar”. 
İqtisadçı alim Əli Əlirzayevin fikrincə, etibarlılıq baxımından ehtiyatların qızıla yatırılması daha məqsədəuyğundur: “ARDNF-in valyuta ehtiyatlarının tərkibində qızılın payının sürətlə artması ona olan etibarlılıq dərəcəsilə bağlıdır. Bu da əslində, yığımın bir formasıdır. Habelə pul vahidində də, qiymətli kağızlarda da saxlanıla bilər. Fondun gəlirlərinin bir hissəsi elə pul vahidində, manat, dollar, avro və s. habelə qiymətli kağızlarda saxlanılır. 
Ancaq qızılda saxlamaq etibarlılığı daha da artırır. Hansisa hadisə baş verərsə, zərərə düşməmək üçün bu vacibdir. Qızıl dövlətlər arasında mübadilə qabiliyyəti baxımından da etibarlıdır. Ona görə fikrimcə, qızıla üstünlük vermək daha yaxşıdır. Həmçinin ölkə daxilində də qızıla ciddi tələbat var. Xarici valyutaya dəyişmə prosesində də daha sərfəlidir. Düzdür,  qızılı gətirib istehsala qoymaq olmaz. İnvestisiya qoymaq üçün təbii ki, pul lazımdır. Amma alternativ variant olaraq ehtiyatların bir hissəsini qızılda saxlamaq daha vacibdir. Ölkənin neft gəlirləri 5 milyard dollardırsa, onun 1 milyardını qızılda saxlamaq daha yaxşıdır”. 
Rüfət NADİROĞLU