Azərbaycan əcnəbi sərmayədarlar üçün daha cəlbedici ölkəyə çevrilir

19 Oktyabr 2018 09:15 (UTC+04:00)

Azərbaycanda əhalinin elektrik enerjisi ilə təminat səviyyəsi 100%-dir.  Bu barədə Dünya İqtisadi Forumunun açıqladığı “Qlobal Rəqabətlilik İndeksi 2018” hesabatında bildirilir. 

Sənədə əsasən, Azərbaycan elektrikləşdirmə indeksi üzrə müəyyən edilmiş maksimum 100 baldan hamısını toplayaraq 140 ölkə arasında 1-ci yerə çıxıb.
“Qlobal Rəqabətlilik İndeksi 2018”də Azərbaycan digər sahələr və yarımsahələr üzrə də öncül yeri tutub. Ekspertlərin sözlərinə görə, bu mütləq uğuru şərtləndirən səbəblər var. Belə vəziyyət isə Azərbaycana xaricdən daha çox sərmayə axınına şərat yaradır. 
İqtisadçı-ekspert Natiq Cəfərli bildirir ki, “Qlobal Rəqabətlilik İndeksi 2018” yeni metodologiya ilə hesablanıb: “Bundan sonra indikatorların hesablanması yeni yaşanma ilə həyata keçiriləcək. Bu da daha dəqiq qiymətləndirməyə imkan verəcək. Azərbaycanın müxtəlif indekslər üzrə irəliləməsi ölkəmizə investisiya yatırımlarını artıran faktorlardan birinə çevriləcək. Çünki investisiya cəlbi məsələsində infrastrukturun önəmli rolu var. İnvestor gedəcəyi ölkədə elektriklə bağlı problemlərin mövcudluğunu duysa, həmin ölkəyə yatırım etməz. Çünki, infrastruktur normal olmasa, istehsal sahələri davamlı ola bilməz. Bu baxımdan Azərbaycanın müxtəlif indikatorlar üzrə yüksək yeri tutması onun investisiya cəlbediciliyini artırır. Lakin bəzi indekslər  üzrə Azərbaycan bir çox işlər həyata keçirməlidir ki, irəliyə çıxa bilək. Bu da investorlar üçün Azərbaycanı daha cəlbedici ölkə halına gətirəcək. İlk 50-liyə düşmək yaxın iki ildə hədəfimiz olmalıdır”. 
Digər iqtisadçı-ekspert Fuad İbrahimov bildirdi ki, “Qlobal Rəqabətlilik İndeksi 2018” statistik məlumatların əsasında formalaşıb: “Nəzərə alaq ki, Azərbaycan enerji sahəsinə kifayət qədər investisiya yatırıb. Eyni zamanda bu sahədə beynəlxalq təcrübədən, beynəlxalq donorlardan istifadə edib. Sahənin modernləşdirilməsi istiqamətində də ardıcıl addımları atıb. Məhz bu göstəricilərə əsasən, birinci yeri tuta bilmişik. Hətta stastistik göstəriciləri kənara qoysaq belə, siravi insanlar da bunu görə bilər. Yəni, bu sahə üzrə dövlətin böyük diqqəti olub və lazımi tədbirləri görüb. Odur ki, nəticələr investorlar üçün Azərbaycana marağı artıra bilər. 
Onu da nəzərə alaq ki, Azərbaycan regionda sabit ölkə kimi tanınıb. Bu mühitin özü də sərmayə axınını şərtləndirən məqamlardan biridir”.
Elə iqtisadçı Vüqar Bayramov da sosial şəbəkələrdə paylaşdığı şərhində bütün bunları yüksək qiymətləndirərək diqqəət çatdırır ki, Dünya İqtisadi Forumu dünyanın ən aparıcı iqtisadi qurumlarından hesab olunur. Ekspert bildirib ki, Dünya İqtisadi Forumu dünyanın aparıcı dövlət və hökumət liderlərini bir araya yığmaq imkanına malik olan yeganə forumdur: “Bu forumun hazırladığı hesabat praktik olaraq dünyada qlobal siyasətə təsir edir. Xüsusən də illik görüşlərdə qlobal müzakirələrin aparılması da məhz bundan xəbər verir. Son hesabatda yeni metodologiyadan istifadə olunub. Metodologiya hazırlanan zaman həm ümumi istiqamət, həm də sab indikatorlar üzrə qiymətləndirilmə aparılıb. Hesabatın təhlili göstərir ki, Azərbaycan bir neçə istiqamət üzrə aparıcı mövqeyini qoruyub saxlayıb. Azərbaycan biznesin qeydiyyatdan keçmə indeksinə görə dünyada 17-cidir, ilk iyirmiliyə daxildir. Müflisləşmə normativ hüquqi bazasına görə Azərbaycan yenə ilk 17-ci, sahibkarlıq riskləri alt-indikatoru üzrə isə hesabatda 21-ci, ideyaların şirkətə təsiri üzrə isə ilk 25-ci yerdə qərarlaşıb. Azərbaycan dünyanın 140 ölkəsi arasında biznesin dinamikliyi reytinqi üzrə hesabatda 31-ci yerdə qərarlaşıb ki, bu da müsbət məqam kimi qiymətləndirilə bilər”.
İqtisadçının sözlərinə görə, Azərbaycan iqtisadi indikatorlarla yanaşı, sosial, səhiyyə istiqamətləri üzrə də aparıcı ölkələr sırasındadır: “İndeks ölkənin mövqeyini göstərən əsas faktorlardan biridir. Azərbaycan bəzi indikatorlara görə hətta ilk 15-yə daxil olmaq imkanı qazanıb. Belə ki, ölkəmiz xüsusən də səhmdar idarəetməsi, nəqliyyat xidmətinin səmərəliliyi ineksinə görə ilk 15-yə daxil ola bilib. Azərbaycan elektrik enerjisinin təchizatına görə isə dünyada birincidir. Ölkəmiz alt indikatorlar üzrə səmərəlilik indikatorunda ilk 15-yə daxil olmaq imkanı qazanmaqla öz mövqeyində dəyişikliklərə nail ola bilib”. Ekspert qeyd edib ki, hesabat hazırlanan zaman yeni metodologiyadan istifadə olunduğundan Azərbaycanın maliyyə stabilliyi, adambaşına milli yığım, eləcə də digər bir sıra indikatorlar üzrə üstün mövqeyi nəzərə alınmayıb: “Bu da nəticə etibarilə ölkələrin yerinə təsir göstərir. Buna baxmayaraq, bütün hallarda Azərbaycanın sözügedən hesabatda mövqeyini müsbət qiymətləndirmək olar. Növbəti illərdə islahatların daha da dərinləşməsi Azərbaycanın hesabatdakı mövqeyinin daha da yaxşılaşmasına gətirib çıxaracaq”.

Mübariz BAYRAMOV