Avtoritat ailə modelinin demokratik ailə modelinə çevrilməsi prosesi gedir

22 Oktyabr 2018 12:51 (UTC+04:00)

"Proses boşanmaların artması və nikahların azalması tendensiyası ilə müşayət olunur".  Movqe.az xəbər verir ki, bu sözlər “Himayədar” Humanitar Tətəqqi İctimai Birliyinin Beynəlxalq Mətbuat Mərkəzində keçirdiyi  “Azərbaycanda ailə insitutu: mövcud vəziyyət və çağırışlar”  adlı Dəyirmi Masada səslənib.  Bu tədbir təşkilatın Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Müasir Azərbaycan ailəsi qloballaşma və demokratikləşmə prosesində” mövzusunda tədbirlərin təşkili  layihəsi çərçivəsində gerçəkləşdirilib.  

Tədbirdə  ilk olaraq təşkilatın rəhbəri Himayət Rizvanqızı  cıxış edib. O layihənin həyata keçirilməsi ehtiyacından danışarkən  qeyd edib ki, ”Azərbaycanın ənənəvi ailə modelində dəyişikliklər  prosesi gedir, lakin prosesin olumlu və ya olumsuz  tərəfləri,  mövcud tendensiyalar və perspektivlər dərin  ictimai  qiymətləndirilməyə cəlb edilməyib, milli-mənəvi və bəşəri dəyərlərə söykənən modern, demokratik ailə modelinin formalaşması prosesinə yetərincə güclü  ictimai dəstək təşkil olunmayıb. Onun sözlərinə görə, təşkilatın bu layihəsi məhz  bu ehtiyacların müəyyən qədər də olsa ödənilməsinə yönəldilib. H.Rizvanqızı layihənin məqsədlərinin Azərbaycanda ailə insititunun gücləndirilməsinə töhfə vermək, şiddət və problemlər spiralında əsas hüquq və azadlıqların pozulması kimi ağır  problemlərin həllinə yardım etmək; Azərbaycan ailəsinin spesifik xüsusiyyətlərinin mühafizə edilib gələcək nəsillərə ötürülməsini dəstəkləmək və ailə problemlərinin müzakirə platformasını genişləndirmək, sosial məsuliyyət hissinin artırılmasınına yardım etmək” olduğunu  vurğuladı. 
Təqdimatdan məlum oldu ki, layihə şərçivəsində Ailə  məsələləri üzrə İnformasiya bazası yaradilib, Bu baza”Məlumatlar və sənədlər arxivi” və “koordinatlar bazası”nı əhatə edir. Yəni  həm bu problemlə bağlı müxtəlif məlumatlar, informasiyalar,  məqalələr, mövcud qanunvericilik  və s.  toplanıb, həm də bu sahədə işləyən bütün dövlət qurumları, QHT, elmi müəssisələr, ayrı-ayrı ekspertlər və digərlərinin koordinatları  cəmləşdirilib. Bundan başqa, “Ailə özəlində kişilər və qadınlar: mən-biz balansı, evlilik, boşanma” və  “Modern/demokratik ailə necə olmalı?” adda 2 İnfoqrafiklər hazırlanıb.” Tədbirdə  İnfoqrafiklər nümayiş etdirilib. Təşkilatın bu problemlə bağlı cəmiyyətə ünvanladığı sosial mesajları əks etdirən  elektron bannelərlər də  maraq doğurub. 
Sonra  araşdırmaçı–ekspert  Hüseyn Hümbətov cıxış edərək    “Azərbaycanda ailə insitutu: mövcud vəziyyət və çağırışlar“mövzusunda masabaşı araşdırmasını təqdim edib. O qeyd edib ki, tədqiqatda  Azərbaycanda ailə, nikah və boşanma proseslərinin tarixi aspektlərinə nəzər salınıb, qloballaşma və demokratikləşmə prosesində azərbaycan ailəsinin  durumu, baş verən dəyişikliklər prosesində ortaya çıxan tendensiyalar  araşdırılıb,  nikah və boşanma əmsallarının dinamikası, nikahlara və boşanmalara təsir edən amillər müəyyənləşdirilməyə çalışılıb. Eyni zamanda ailələrdə uşaqların sayının azalması, faktiki nikahların yayılması, erkən nikahlar, məişət və ailə zorakılığı, miqrasiya, əcnəbilərlə nikahlar kimi tendensiyalar qloballaşma və demokratikləşmə prosesinin ailəyə təsiri təzahürləri kimi analizə cəlb olunub. Tədqiqat üzə çıxarıb ki, son 25-30 il ərzində əhəmiyyətli ictimai dəyişikliklər yaşayan Azərbaycan da bu dəyişikliklər fonunda ailə institunun transformasiyası və onun bərabərində gələn problemlərlə üzləşən toplumlardan biridir. Yeni ictimai düzən çərçivəsində ənənəvi ailə modelinin bütün xüsusiyyətlərini davam etdirmək mümkün deyil.  Həmçinin ailə təsisatın yenilənməsi də müxtəlif ictimai problemlərə səbəb olmaqdadır. Azərbaycanda ənənəvi ailə modelinin dəyişikliyə uğraması, demokratik cəmiyyətin diqtə etdiyi dəyərlər sisteminin təsiriylə avtoritar ailə modelinin demokratik ailə modelinə çevrilməsi  prosesi gedir və bu prosesin   müxtəlif fəsadları müşahidə olunur.   Sonda araşdırmanın nəticələri əsasında hazırlanan “Təkliflər  Paketi” təqdim olunub. Qeyd olunub ki, araşdırma hesabatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və  Milli Məclisin Ailə, Qadın və Uşaq məsələləri komitəsinə təqdim olunub.