ABŞ Qarabağ münaqişəsi ilə bağlı daha fəal siyasətə start verir

23 Oktyabr 2018 09:32 (UTC+04:00)

ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Rusiya, Gürcüstan, Azərbaycan və Ermənistana səfəri çərçivəsində oktyabrın 24-də Bakıda olacaq. Burada Boltonun bəzi rəsmi şəxslərlə bir sıra görüşləri olacaq, səfər çəçivəsində regional məsələlər müzakirə ediləcək. Boltonun səfərinin  Dağlıq Qarabağ məsələsində də dəyişikliklərə səbəb olacağı barədə fikirlər səslənir. 

Politoloq Elşən Mustafayev bildirdi ki, Boltonun regiona səfəri konfliktli məsələlərin müzakirəsi istiqamətində prosesin gedişinə normal impuls verəcək səfərlərdən biri olacaq: “Son zamanlar ABŞ hökuməti nümayəndələrinin regionumuza, o cümlədən ölkəmizə səfərləri müəyyən dərəcədə davamlı xarakter almağa başlayıb. Bu səfərlərin gedişində təkcə Dağlıq Qarabağ məsələsi müzakirə edilmir. Qlobal götürəndə Cənubi Qafqaz ölkələrinə ABŞ-dan edilən bu səfərlər fərqli maraqlardan qaynaqlanıb  və müxtəlif səpkidə olub. 
Sözsüz ki, bu səfərlərin başlıca qayəsi ABŞ-ın region dövlətlərilə münasibətlərinin gələcək perspektivlərinin müzakirəsinə hesablanıb.  Eyni zamanda, indiki halda Dağlıq Qarabağ məsələsi Vaşinqton üçün prioritet məsələ deyil. Amma bu, o anlama gəlmir ki, ABŞ həmin məsələni tamamilə kənara atıb.  
ABŞ üçün hazırda əsas gündəmində olan məsələ Yaxın Şərq məsələsi və Rusiya ilə qarşıdurma fonunda yaşanan problemlərdir. Bu mənada Boltonun bölgəyə olan səfərinin gedişində Azərbaycan nümayəndələrilə bizə məlum olmayan bir çox məsələlər də müzakirə predmeti ola bilər. Çünki hər bir səfər gedişində ictimaiyyətə açıq olan məsələlərlə yanaşı, ondan gizli saxlanılan məsələlər də müzakirə predmeti olar. Açıq olan müzakirələr isə səfərin real məqsədinin nədən ibarət olduğunu açmaya da bilər. 
Azərbaycan hər zaman çalışır ki, Qarabağ konfliktin dondurulmasın, unudulmasın. Bu addımın atılması fonunda ATƏT-in Minsk qrupuna daxil olan dövlətlər də müəyyən hərəkətə keçirlər”. 
Milli Məclisin deputatı, politoloq Elman Nəsirovun fikrincə, Boltonun bölgəyə səfəri gedişində Vaşinqtonun Qarabağ konfliktinin həlli istiqamətində fəallığı arta bilər: “Heç şübhəsiz Con Boltonun Azərbaycana səfəri çərçivəsində ilk növbədə ABŞ-la ölkəmiz arasındakı təhlükəsizlik məsələsi sahəsindəki əməkdaşlıq, Bakının Vaşinqtonla birlikdə beynəlxalq sülhə verdiyi töhfə, enerji təhlükəsizliyi kimi məsələlər xüsusi olaraq diqqətdə saxlanılacaq.  
ABŞ bildiyiniz kimi Azərbaycanın  dəstəyilə reallaşan «Cənub Qaz Dəhlizi»  layihəsini dəstəkləyir. ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi məktublarda da bu məqamlar öz əksini tapıb. Cənab İlham Əliyev də öz növbəsində ABŞ-a həmin layihəyə dəstək olduğuna görə təşəkkürünü bildirib. 
Boltonun səfəri fonunda həmçinin regional təhlükəsizlik məsələləri də əsas müzakirə predmetinə çevriləcək. Regionda əsas təhlükə mənbəyi Dağlıq Qarabağ münaqişəsidir. ABŞ isə bu münaqişənin tənzimlənməsində əsas vasitəçi missiyasını hıyata keçirir. Onu da nəzərdən qaçırmayaq ki, Azərbaycanın yerləşdiyi coğrafiya da əhəmiyyətlidir. Azərbaycan İran və Rusiya kimi dövlətlərlə qonşudur. Hansı ki, son zamanlar ABŞ-ın bu iki dövlətlə münasibətləri xeyli gərginləşib. Təbii ki, bu məsələlər də diqqətdın yayınmayan məsələlərdəndir. Amma hər halda ABŞ adminstrasiyası çox gözəl bilir ki, Azərbaycan müstəqil siyasət yeridir, dövlətimizin milli maraqları hər şeydən  üstündür və ölkəmizin digər ölkələrlə münasibətləri heç bir halda üçüncü tərəfə qarşı yönəlməyib. Hesab edirəm ki, Bolton geri döndükdən sonra Azərbaycanın təhlükəsizlik sistemində oynadığı rol, bu işə verdiyi töhfə və bu kontekstdə Bakıya Vaşinqtonun göstərə biləcəyi dəstəyin artırılması ilə bağlı məsələləri Trampa məruzə edə bilər. Bu mənada hesab edə bilərik ki, Bolton səfəri əhəmiyyətli ola bilər. 
Onu da qeyd edim ki, Bolton sərt tədbirlərin tərəfdarı kimi çıxış edir.     Vaxtilə o, İraqa qarşı sərt tədbirlərin tərəfdarı olmuşdu. O, Ağ Evin çox ciddi siyasətçilərindən biridir. Bu nöqteyi-nəzərdən onun Azərbaycan, ölkəmizin oynadığı rolla bağlı ciddi söhbətlər etməsi gözləniləndir. Əsas ümidlərimizdən biri də odur ki, Boltonun tövsiyəsi əsasında ABŞ-ın Qarabağ münaqişəsinin tənzimlənməsində fəallığı artsın.  Buna böyük ehtiyac var. İndilikdə isə, hadisələrin gedişi göstərir ki, prosesdə hələlik ancaq Rusiya fəallıq nümayiş etdirir. Digər dövlətlərin isə bu məsələdə fəallığı hələlik xüsusi diqqət cəlb etmir. Məsələyə bu kontekstdə yanaşdıqda, düşünürəm ki, Bolton geri döndükdən sonra, Ağ Evdə Qarabağ münaqişəsilə bağlı məsələni daha ciddi müzakirə predmetinə çevirə bilər. Ona görə də bu səfərə ümidlər kifayət qədər böyükdür və münaqişənin həlli istiqamətində ABŞ-ın fəallığının artmasına xidmət edə bilər”. 
Rüfət NADİROĞLU