Turizmin inkişafı xidmət sektorunu canlandırır

23 Oktyabr 2018 09:40 (UTC+04:00)

Azərbaycanda turizmin inkişafina diqqət ildən-ilə  artır. Artıq yeni turizm brendi də təqdim olunub. Bu da Azərbaycanın turizm potensialının təqdim edilməsində yeni mərhələnin başlanması deməkdir. 

Qeyd edək ki, Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun (Büro) təşkilatçılığı ilə bu günlərdə  Bakıda keçirilən Milli Turizm Sammitində "Take another look" başlıqlı yeni milli turizm brendi təqdim olunub.
Büronun brend və marketinq üzrə direktoru Fidan Əliyeva  brendin yaradılması yollarından danışarkən bildirib ki, qarşıya qoyulan məqsədə nail olmaq üçün güclü brendə malik olmalıyıq: “Azərbaycanın bütün gözəlliklərini üzə çıxarmalıyıq. Gözəl mətbəximiz, qonaqpərvər insanlarımız var”.
Xatırladaq ki, yeni turizm brendinin dünya ictimaiyyətinə təqdimatı cari ilin noyabr ayında Londonda  keçiriləcək “Dünya Səyahət Bazarı” sərgisində baş tutacaq. 
Turizm üzrə ekspert Müzəffər Ağakərimov bildirdi ki, 
turizm sahəsində yeni brend istiqamətində konkret addımlar həyata keçəcəyi təqdirdə onun ölkə iqtisadiyyatına və xidmət sektoruna əhəmiyyətli dərəcədə müsbət təsirləri olacaq: “Təbii ki, turizm sektorunun təşviqi və təbliğilə əlaqədar artıq Azərbaycan turizmini dünyada tanımağa başlayıblar. Bu mənada yeni turizm brendinin olması həmin sahənin daha da inkişafı baxımından mühüm addımdır. Ancaq  həmin brendin həyata keçməsi üçün real vasitələrdən istifadə etməklə real imkanların olması ilə yanaşı, ortalıqda konkret işlər olmalıdır. 
Həm gəlmə turizmi, həm də getmə turizmi sahəsində konkret işlər görülməlidir. Hər bir səlahiyyət və vəzifələr konkret müəyyənləşməlidir. Çünki konkretlik olmayan yerdə ərəb sözü olan mücərrədlik ortaya çıxır. Konkretlik olarsa, turizm şirkətləri də həmin brendi dəstəkləyəcək. Yəni, demək istəyirəm ki, konkret işlər olmadan yeni brend elə brend olaraq qalacaq. Görüləcək yaxın və uzaq dövrlər üçün konkret planlar tutulmalıdır. Burada yeni brendlə bağlı qarşıya qoyulan məqsədə nail olmaq yolunda prosesin inkişafına hansı maneələrin olduğu və onların aradan qaldırılması  yolları öz əksini tapmalıdır. Hansı maneələr aradan qaldırılmalıdır ki, turizm şirkətləri üçün inkişaf baxımından münasib imkanlar yaradılsın. Həmçinin hansı ölkələrdən daha çox turistin cəlb edilməsi məsələsində də konkretlilik lazımdır. Bunun üçün sərgilər keçirilməlidir. Azərbaycana hansı ölkələrdən daha çox turist gələcəksə, həmin ölkələrdə də sərgilərin keçirilməsi vacibdir”.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramovun fikrincə, turizmlə bağlı yeni brend ölkəmizə gələn valyutanın daha da artmasına, məşğulluğun təmin edilməsinə öz müsbət təsirini göstərəcək: “Turizmin inkişafı ölkəyə gələn valyutanın artımı baxımından vacibdir. Yeni brend də buna xidmət edəcək. Turizmin inkişafı məşğulluğun təmin edilməsinə də birbaşa təsir göstərir. Ona görə də turizm sahəsində yeni brendin təqdim edilməsi ölkəmiz üçün çox vacibdir. Qiymətləndirmələr göstərir ki, hazırda turizm 300 minə qədər vətəndaşımızın  məşğulluğuna birbaşa və ya dolayısı təsir göstərir. Bu isə  300 minə qədər iş yeri deməkdir ki, bu da kifayət qədər böyük rəqəmdir. Bunun özü də ölkəmizdə turizmin inkişafını göstərən əsas faktorlardan biri kimi qəbul olunmalıdır. 
2014-cü ildən sonra Azərbaycanda turizm bumu yaşandı. Bu da ölkəyə gələn turistlərin sayına müsbət təsir göstərdi. Ölkəmizdə təkcə bu ilin 9 ayında turistlər yalnız bankdan istifadə etməklə 1 milyard dollarlıq ödəniş həyata keçiriblər. Bu da turistlərin təkcə bank vasitəsilə Azərbaycan iqtisadiyyatına qoyduqları sərmayə kimi qiymətləndirilməlidir.  Hazırda turizmin potensialının artırılması əsas hədəflərdən biridir. Yəni turizmin potensialının artırılmasına ehtiyac vardır. Bunun üçün də otellərdə çarpayı yerlərinin sayının çoxalması prioritet məsələ olaraq qalır. Bu amil gələn və gələcəkdə gələcək turistlərin sayı baxımından çox vacibdir. Ona görə növbəti dövrlərdə də turizmin inkişafı məsələsi öz prioritetliyini qoruyub saxlayacaq. O baxımdan qeyri-nef sektorunda 
Ölkəyə daxil olan valyuta həcminə görə turizm aparıcı sektorlardan biri olmaqla yanaşı, növbəti illərdə də Azərbaycan iqtisadiyyatına daha çox töhfə verəcəyi gözlənilir”.
Rüfət NADİROĞLU