Fərdi uçot sistemində qeydiyyatda olanların sayı 161,6 min nəfər artıb

23 Oktyabr 2018 11:14 (UTC+04:00)

Bu il oktyabrın 1-dək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 3 milyon 690 min 120 nəfər təşkil edir. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 161 min 654 nəfər və ya 4,6 faiz çoxdur.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a verilən məlumata görə, fərdi uçot sistemində fərdi hesabı olanların sayının çoxalması sosial sığorta sistemində aktiv iştiraka marağın getdikcə artmasının nəticəsidir. Sistemdə qeydiyyata alınan hər bir şəxs gələcəkdə pensiya təminatı hüququna malik olmaq üçün pensiya kapitalı toplamaq imkanı qazanır.

Nazirliyin “Sığortaolunanlara məlumatların verilməsi” elektron xidməti vasitəsilə sığortaolunanlar fərdi hesablarında toplanan pensiya kapitalları barədə məlumat öyrənə, onlar üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi prosesinə nəzarət edə bilərlər.

Sığortaolunanların fərdi hesablarında toplanan sığorta kapitalının hər il indeksləşdirilərək artırılması təmin olunur.