İtaliya-Azərbaycan Dostluq Dərnəyinin həmsədri “Beynəlxalq Kartacana” mükafatına layiq görülüb

23 Oktyabr 2018 15:11 (UTC+04:00)

 Romada İtaliya-Azərbaycan Dostluq Dərnəyinin həmsədri, tanınmış türk jurnalist Dündar Keşaplı İtaliyanın Kartacana Akademiyasının “Beynəlxalq Kartacana” mükafatına layiq görülüb. Avropada və Türkiyədə yaxından tanınan jurnalist Dündar Keşaplı İtaliyada ilin ən müvəffəqiyyətli xarici müxbir kimi iki ölkə arasında uğurlu fəaliyyətinə görə Akademiyanın rəhbəri, professor Alessandro Della Posta tərəfindən mükafatla təltif olunub. 

Bu mükafata layiq görüldüyü üçün xöşbəxt olduğunu bildirən Dündar Keşaplı bütün növ xəbərləri, xüsusən də idman sahəsində informasiyaları hər iki ölkənin ictimaiyyətinə operativ sürətdə çatdırılmasına çalışdığını bildirib. İndiyədək İtaliya mətbuatında fəal çıxış edən, “Skytg24”, “Tgcom24”, “Rai” nüfuzlu telekanalların proqramlarına qatılan və İtaliya-Azərbaycan Dostluq Dərnəyinin həmsədri olduğunu diqqətə çatdıran jurnalist Dündar Keşaplı öz çıxışında Azərbaycan ilə İtaliya arasında əlaqələrin sürətlə inkişaf etdiyini də qeyd edib. Romanın Bələdiyyə binasının “Protomoteca” zalında təşkil edilən mükafatlandırılma mərasimində türkiyəli jurnalistdən başqa İtaliyanın ictimai-siyasi, mədəni, idman, incəsənət, moda həyatından 50-yə yaxın nümayəndəsi mükafatlandırılıb. Qeyd edək ki, İtaliyanın Beynəlxalq Kartacana Akademiyası bu ölkənin ictimaiyyətinə göstərmiş olduğu xidmətlərə görə fərqlənən müxtəlif növ peşə sahiblərinin nümayəndələrini hər il mükafatla təltif edir.