Avropanın aparıcı dövlətlərinin Azərbaycanla aqrar sahədə əməkdaşlığa marağı artır

24 Oktyabr 2018 09:50 (UTC+04:00)

Fransanın kənd təsərrüfatı naziri Didye Guiyom bildirib ki, ölkəsi ərzaq təhlükəsizliyinin təmin olunmasında, kənd təsərrüfatı sisteminin müasirləşdirilməsində maraqlı olan bütün ölkələrlə, eləcə də Azərbaycanla sıx əlaqələr qurmağa önəm verir. 

Son illər qeyri-neft sektorunun inkişafı fonunda Azərbaycanda aqrar sahəyə də diqqət artıb. Bu istiqamətdə müxtəlif tədbirlər görülüb ki, artıq onun müsbət mənada nəticələri  hiss olunmaqdadır. Artıq ölkəmizdə kənd təsərrüfatı sahəsində də irəliləyişlər gözə çarpır. Azərbaycan həmçinin ekoloji təmiz məhsullar istehsal etməkdə peşəkarlaşıb. Avropa ölkələrinin əhalisini də ilk növbədə məhz ekoloji təmiz məhsullar maraqlandırır. Beləliklə, görünən odur ki, son dövrlər Avropanın aparıcı dövlətlərinin Azərbaycanla aqrar sahədə əməkdaşlığa marağı artır. 
Azərbaycan İqtisad Universitetinin dosenti Qadir Bayramov bildirdi ki, bir neçə amil Avropa ölkələrində Azərbaycanın aqrar məhsullarına olan marağının artmasına gətirib çıxarıb: “Avropa ölkələrinin Azərbaycanla kənd təsərrüfatı sahəsində də əməkdaşlıqda maraqlı olması ilk növbədə ondan irəli gəlir ki, ölkəmiz son illər daha çox tanınmağa başlanıb. 
İkinci bir tərəfdən, Azərbaycanın Fransa ilə kənd təsərrüfatı sahəsində əməkdaşlığı istiqamətində fəaliyyəti artıb. Avropanın ölkəmizin aqrar sektoruna marağının artmasında bu amilin də səbəbi ola bilər. Digər tərəfdən, əvvəlki illərlə müqayisədə Azərbaycan bu istiqamətdə də daha çox beynəlxalq sərgi və tədbirlərə qatılır. Avropa dövlətləri daimi olaraq öz ixracat potensialllarını genişləndirməkdə maraqlıdırlar.  Bu müstəvidə əlaqə dairələrini daha da genişləndirirlər. Onların bu müstəvidə kəşf etdikləri yeni bölgələrədn biri də sözsüz ki, Azərbaycandır. Bu vəziyyət həm də onun göstəricisidir ki, Fransa kimi Avropa ölkəsi ölkəmizin bu istiqamətdə potensialını daha yaxşı öyrənməyə başlayıb. Azərbaycan ekoloji təmiz məhsullara sahibdir. Avropa ölkələrini aqrar sahə məsələsində düşündürən məsələlərdən biri də məhz budur. Avropa ölkələri, o cümlədən Fransa ilə bu istiqamətdə əməkdaşlıq ölkəmizə çox şey qazandıracaq”. 
Həmsöhbətimiz onu da qeyd etdi ki, Avropa ölkələrilə kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişlənməsi yeni texnika və müasir suvarma üsullarının ölkəmizə gəlməsi baxımından da əhəmiyyətli olacaq: “Yeni texnologiyanın ölkəmizə gəlməsi, onların təcrübəsindən istifadə edərək, ekstensiv təsərrüfat üsulundan intensiv təsərrüfat üsuluna keçmək, yeni suvarma üsullarının ölkəmizə gətirilməsində bu əməkdaşlığın mühüm töhfəsi olacaq. 
Digər tərəfdən, zənn edirəm, sözügedən marağın yaranmasında başqa amillər də vardır. Avropanı daha sabit bölgələr maraqlandırır. Bu mənada da Azərbaycan onlar üçün olduqca əlverişli məkandır. Avropa ölkələrilə kənd təsərrüfatı sahəsində əməkdaşlıq fonunda Azərbaycan məhsullarının ixracat potensialı da artacaq. Onlar üçün ekoloji təmiz məhsullar olduqca cəlbedicidir. Bu istiqamətdə Azərbaycan da fəal olmalıdır ki, Fransa kimi ölkə öz yatırımını ölkəmizin kənd təsərrüfatına yönəltsin. Bu ideyanın həyata keçməsi üçün yollar axtarmalıyıq. Birgə müəssisələr qurularsa, aqrosənaye kompleksini inkişaf etdirmək baxımından da xeyli irəliləyişə nail ola bilərik”.  
Rüfət NADİROĞLU