Professor Maqsud Nəcəfov, 70 yaşın mübarək!

25 Oktyabr 2018 10:00 (UTC+04:00)

`Əzizimiz Maqsud, sənə professor kimi müraciət etməkdə məqsədimiz səni özümüzdən uzaqlaşdırmaq yox, professor olmağınla fəxr etdiyimizi bildirməkdir! Sənə belə müraciət edənlərdən biri müəllimin, o biri isə yaxın dostlarındır.!

Sənin hər bir müvəffəqiyyətinə bizim belə sevinməyimizin səbəbkarı da sən özünsən və bu səbəblərdən ən əsaslarını yada salmağı özümüzə borc bilirik,həm də buna haqqımız var, çünki sən bizə o qədər ehtiram və qayğı ilə yanaşmısan ki, həyat yoldaşın və övladların bizi öz doğmalarından yaxın qəbul ediblər.Elə əslində sənin ən böyük müsbət cəhətin özündən böyüklərə ehtiramla,özündən kiçiklərə qayğı ilə yanaşmağındır ki,belə hərəkətlərinə görə işlədiyin Azərbaycan Dövlət Pedaqoji Universitetində də nəinki dekan olduğun Riyaziyyat fakültəsində, eləcə də bütün Universitetdə həmişə arzuolunan şəxssən.

Səninlə birlikdə olmaqdan qürur hissi ilə danışmağımızın bir səbəbi də budur ki,yaxın bildiyin insanlara qarşı çox diqqətlisən.

Əziz Maqsud müəllim,sənin müsbət keyfiyyətlərindən biri də sənin səmimiliyindəndir və səmimi olduğun qədər də təvazökarsan. Elə bunlara görədir ki, dekanı olduğun fakültədə təkcə, müəllimlər yox, tələbələr də tədrisdən kənar problemlərinin həlli üçün də sənə çəkinmədən müraciət edirlər.

Maqsud müəllim, sənin müsbət cəhətlərindən biri də tələbə yoldaşların arasında hörmət sahibi olmağındadır.Bu yoldaşlarının içərisində elm sahəsində çox yüksək ad-san sahibi olanların da hər biri həmişə səni əzizləyirlər.Sənin poeziya bilicisi olduğunu bilirlər.Elə biz də bunu bilirik və hər görüşümüzdə məmnuniyyətlə söylədiyin şeirlərə qulaq asırıq. Hətta onu da bilirik ki,ən çox sevdiyin şairlər Məmməd Araz və Nüsrət Kəsəmənlidir.Məmməd Arazın Xudu Məmmədovun 40 yaşına yazdığı “İlhamım”adlı şeirindəki bu bəndi sənə də aiddir:

Bu dağlar qardaşım,bu çaylar bacım,

Özündən gəlməyən,özündən qaçır.

Tale qapımızda, əlində qayçı

Hər adi ölçüyə,ülgüyə gəlsək,

Sən kimə gərəksən, mən kimə gərək?!

Sən bizə gərəksən!!!

Əzizimiz Maqsud müəllim, bu qeyd etdiklərimiz sənin insani keyfiyyətlərin haqqında bildiklərimizin cüzi bir hissəsidir.Həm də biz sənin bu keyfiyyətlərinlə bərabər, elmin hansı sahələrində məşğul olduğunu da bilirik.Biz səninlə uzun müddət ənənə şəkli almış bağ görüşlərimizdə aldığın nəticələri müzakirə etmişik, hətta bu nəticələrin nə qədər əhəmiyyətli olduğunu da qeyd etmişik.Onu da bilirik ki,meyl edən arqumentli tənliklərlə təsvir olunan proseslərdə optimal idarəetmə nəzəriyyəsi sahəsində və aerodinamika sahəsində aldığın nəticələr mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir.

Hörmətli Maqsud müəllim, 25 oktyabrda 70 yaşının tamam olması ilə əlaqədar yazdıqlarımız sənin haqqında söyləyə biləcəyimiz ürək sözlərimizin yalnız cuzi bir hissəsidir. Arzu edirik ki,həmişə necə varsansa elə də olasan, sağlam canla həyatda yeni-yeni müvəffəqiyyətlər qazanasan.

Fizika-riyaziyyat elmləri doktoru ,professor MƏMMƏD HAQVERDİ oğlu YAQUBOV

Fizika-riyaziyyat elmləri doktoru, professor HAMLET FƏRMAN oğlu QULİYEV

Riyaziyyat elmləri doktoru, dosent ŞAKİR ŞIXI oğlu YUSUBOV