Özəl sektorun payı iqtisadi artımda yüksəlir

25 Oktyabr 2018 09:00 (UTC+04:00)

Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün zəmin hazırlayan müvafiq dövlət qurumları tərəfindən atılan addımlar öz nəticəsini verir. Bu istiqamətə qanunvericilik sənədlərinin asanlaşdırılması, investisiya qoyuluşu üçün əlverişli şərait, sahibkarlığın inkişafı və rəqabətqabiliyyətli mühitin yaradılması üzrə kompleks işlər daxildir. 

Hökumətin səyləri uğurla nəticənir və ölkəmizin qeyri-neft sektoru ildən-ilə qazandığı nailiyyətləri genişləndirir. Təsadüfi deyil ki, bu günlərdə Bakıda qeyri-neft sektoru üzrə beynəlxalq “Tikinti” BakuBuild 2018 sərgisi keçirilir. “Made in Azerbaijan” brendi altında Azərbaycan şirkətlərinin sərgidə geniş tərkibdə təmsil olunmaları məhz qeyri-neft sektoruna göstərilən qayğının bariz ifadəsidir. Çünki, BakuBuild MDB və Şərqi Avropa məkanında iri tikinti hadisəsidir. Sərgi 20 ildir ki, Azərbaycanda və Xəzərətrafı regionda qabaqcıl tikinti forumu titulunu şərəflə qoruyub saxlayır. BakuBuild-ə göstərilən maraq onunla izah olunur ki, məhz burada şirkətlər öz məhsullarını nümayiş etdirməklə yanaşı 10 mindən çox mütəxəssisin rəyini öyrənə, iri şəriklər və potensizl müştərilər qazana bilirlər. Bazarın öyrənilməsi, biznesin inkişafı, ditribütörlərin tapılması və regionda mövqenin möhkəmləndirilməsi baxımından tədbirin rolu əvəzedilməzdir. Azərbaycan şirkətlərinin pavilyonlarında santexnika, tikinti avadanlığı, üzlük materiallar, tikinti materialları, qapı-pəncərələr, keramika və bəzək daşları, tikinti texnikası, döşəmə, işıqlandırma, yaşıllaşdırma materialları nümayiş olunur. Bu materialların istehsalının təşkili və məhsuldarlığın yüksək olması sayəsində Azərbaycan öz bazarını tikinti materialları ilə tam təmin edə bilir. Bu da respublikanın qeyri-neft sektorunda qazandığı nailiyyətlər sırasında əhəmiyyətli yer tutur. Çünki, indi Azəbaycana böyük tikinti-quruculuq işləri gedir. 
Son illər ölkə əhalisi arasında, xüsusilə də sahibkarlar tərəfindən daha çox müzakirə olunan məsələlərdən biri Prezident İlham Əliyevin  6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq etdiyi milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələridir. Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində hədəflərdən biri kimi adambaşına qeyri-neft ixracının 2025-ci ildə ən azı 450 ABŞ dollarına çatdırılması müəyyənləşdirilib. Bu, isə azı üç dəfədən çox artım deməkdir. Qəbul edilən “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin qarşısında məhz bu məqsəd durur.
İndiyədək bu sahədə görülən işlər nəticəsində yüksək texnologiyalara əsaslanan və rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələr açılıb, yerli tələbatın ödənilməsi ilə bərabər, bir sıra istiqamətlər üzrə ixrac potensialı güclənməyə başlayıb. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilmiş güzəştli kreditlər hesabına yaradılan 51 logistik mərkəz, 23 taxıl anbarı, 16 meyvə-tərəvəz emalı, 20 iri fermer, 23 müasir heyvandarlıq, 56 istixana, 16 üzümçülük, 23 bağçılıq və 39 quşçuluq təsərrüfatının, 10 süd emalı və digər istehsal müəssisələri kənd təsərrüfatınıninkişafında həlledici rol oynayıb. Daxili bazarın ilboyu faraş tərəvəzlə təmin olunması məqsədilə istixanalar şəbəkəsi dəfələrlə genişləndirilib. Lakin yüksək texnologiyalar hesabına məhsuldarlığın artması ixrac potensialının artmasına da müsbət təsir edib. 
Sahibkarlığın inkişafına yönəldilmiş tədbirlərin sistemliliyini təmin etmək üçün inkişaf  problemlərinin bir-biri ilə əlaqədar olması zəruridir. Ölkəmizdə sahibkarlığın inkişafı üzrə qəbul edilmiş Dövlət Proqramları bu sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin sistemliliyini təmin etmiş, bu tədbirləri vahid strategiyanın həyata keçirilməsinə yönəltmişdir. Sahibkarlığın dövlət müdafiəsinin bu və ya digər variantının seçilməsi ölkənin inkişaf səviyyəsi, hazırkı sosial-iqtisadi şərait, inkişafın müasir mərhələsində qarşıya qoyulmuş vəzifələr və digər amillərin təsiri ilə şərtlənir. Bu amillərin təsiri nəzərə alınaraq, ölkəmizdə sahibkarlığın müdafiəsi və inkişafı dövlət sistemi daxilində əlaqələndirilmiş, Azərbaycan modeli yaradılıb.
Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu strateji xətt uğurla davam etdirilir. Dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, biznes mühitinə dair qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmlərinin səmərəliliyinin artırılması, sahibkarların maarifləndirilməsi və onların işgüzar əlaqələrinin inkişafı istiqamətində davam etdirilən məqsədyönlü tədbirlər nəticəsində ölkə iqtisadiyyatında özəl sektorun payı 80%-dən çoxdur, məşğul əhalinin isə təqribən 70%-i bu sektorda cəmləşib. 
N.NOVRUZ