İrəvana Qarabağ təzyiqləri artır

25 Oktyabr 2018 09:30 (UTC+04:00)

Növbədənkənar parlament seçkilərindən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sərt dönüşlər olacaq. Artıq o haqda danışırlar ki, 2019-cu ilin may ayında münaqişə ilə bağlı Ermənistan üçün arzuolunmaz qərarlar veriləcək. Bu barədə erməni siyasi şərhçi Hakop Badalyan deyib. Onun sözlərinə görə, problemin həlli ilə bağlı Ermənistana beynəlxalq təzyiqlər var. Bütün bu məsələlərdə erməni siyasi şərhçi nə dərəcədə haqlıdır?  

Siyasi icmalçı Vüqar Zifəroğlu erməni şərhçinin sözügedən məsələdə dediklərilə ümumən razı olduğunu bildirdi: “Münaqişə uzun müddətə dondurula bilməz. Çünki uzun müddət konfliktin həll olunmamış qalması regionda yeni-yeni problemlərə yol açacaq. Bu mənada Dağlıq Qarabağ münaqişəsinin həlli digər problemlərin də avtomatik həllinə rəvac verəcək və regionda müsbət mənada dəyişikliklərə gətirib çıxaracaq. Konflikt uzana bilməz. 
Bilirsiniz ki, 2016-cı ilin aprel döyüşlərindən sonra dönüş baş verdi. Ondan sonra həll istiqüamətində konkret addımlar atılmağa başlanıldı. Azərbaycan hər zaman sülh prosesinə sadiq olduğunu bəyan edib və fəaliyyətində də bunu göstərir. Ermənistan isə qeyri-konstruktiv mövqe sərgiləməkdə davam edir. Düşmən ölkənin yeni rəhbəri münaqişə ilə bağlı bir-birini təkzib edən fikirlər səslənidrməklə də qeyri-müəyyən vəziyyətin yaranmasına rəvac verib. Belə vəziyyət digər ölkələri də narahat edir. Deməli, çıxış yolu münaqişənin həll edilməsindən keçir. Bu səbəbdən yaxın gələcəkdə münaqişənin həlli istiqamətində maraqlarımıza cavab verən müsbət dönüşlərin şahidi olacağıq”. 
Rüfət NADİROĞLU