Erməni ordusu Azərbaycanın zərbələri altında məhv olacaq

25 Oktyabr 2018 09:50 (UTC+04:00)

"Qarabağda baş verə biləcək müharibədə Ermənistan Azərbaycanı artilleriya sistemləri və təyyarələrinin bombardmanı qarşısında duruş gətirə bilməyəcək, sadəcə olaraq, məhv olacaq. Hesab edirəm ki, belə şərtlər altında Qarabağda baş verə biləcək müharibə bir, ya da iki gün ərzində Azərbaycanın qələbəsi ilə bitəcək". 

Bunu  rusiyalı ekspert Dmitri Verxoturov bildirib. 
Azərbaycan Ordusunun düşmənlə müqayisədə dəfələrlə güclü olduğu heç kimə sirr deyil. Azərbaycanın maliyyə imkanları ona ən müasir və hədəfi dəqiq vuran silahlar, hərbi texnika almağa imkan verir. Eyni zamanda, lazım olan bir çox silah növləri ölkə daxilində istehsal edilir. Ermənistan ordusu isə əsas etibarı ilə istifadəyə yararsız, sovet dönəmindən qalma silahlardan istifadə edir. Hərbçi ekspert Üzeyir Cəfərov bütün bunlar fonunda Ermənistanın ona yönəlik mesajlardan nəticə çıxaracağına əmin deyil. Həmsöhbətimiz bildirdi ki, ATƏT-in Minsk qrupu həmsədr ölkələri nə qədər ki, Ermənsitanla təzyiq dilində danışmayacaq, düşmən düşdüyü ağır durumda belə nəticə çıxarmayacaq: “Zaman-zaman Rusiyadan olan müxtəlif ekspertlər belə açıqlamalarla çıxış edib. Rusiyanın hərbi-siyasi rəhbərliyində heç zaman Azərbaycana münasibətdə səmmmiyyətin şahidi olmamışam. Bu mənada onların bu və ya digər fikirlərinin səmimiliyinə o qədər də inanmıram. Amma Verxoturovun dediyi kimi, həqiqətən də Azərbaycan raket-artileriya həssələrinin arsenalında olan müasir silahlar düşmənin istər ön, istərsə də dərinlikdə olan şəxsi heyətini tam şəkildə sıradan çıxarmaq, o cümlədən infrastrukturunu yararsız hala gətirmək gücündədir. 
Ermənistan şou ilə məşğuldur. Baş nazir istefa verir, amma sonradan yenidən baş nazirliyə tək namizəd olaraq ortaya çıxır. Bir sözlə, oyun oynayırlar və bunun üçün də onlara imkan yaradıblar. Azərbaycan  qətiyyən beynəlxalq güclərə arxayın olmamalıdır. Onlar bir gün ölkəmizi heç də xoş olmayan vəziyyətlə üz-üzə qoya bilərlər. Necə ki, 20 ildən artıqdır beynəlxalq güclər guya münaqişənin həllilə məşğuldur, amma ortada heç bir nəticə yoxdur. BMT baş katibi də daxil, kimi dindirsən, hamısı Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, münaqişənin həll olunmayaraq qalmasından narahat olduqlarını bəyan edirlər. Lakin buna baxmayaraq, həll istiqamətində özləri real addım atmır, Ermənistana təzyiq göstərmirlər. Ermənistanın hərbi gücü Azərbaycana nisbətən qat-qat zəifdir. Bunu hamı, ermənilər özləri də gözəl bilir. Azərbaycanın baş qərargah rəisi İsraildə səfərdədir. Bundan əvvəl İsrail müdafiə naziri ölkəmizdə  5 günlük səfərdə oldu. Bu, onu deməyə əsas verir ki, Azərbaycan özünün müdafiə qabiliyyətini gücləndirmək üçün nə lazımdır alıb və bundan sonra da alacaq. Ermənistan Azərbaycanın mənsub olduğu silahların nəyə qadir olduğunu bundan sonra da görəcək. Ermənilərə münasibətdə deyildiyi kimi, “Quran oxumaqla, donuzu darıdan çıxarmaq olmaz”. Ermənilər hazırda o vəziyyətdədir. Keçirilən hərbi paradlar vasitəsilə, habelə ən müasir silahlarla təmin olunmağımız fonunda belə Ermənistana nə qədər mesaj versək də, Rusiyanın hazırkı hərbi-siyasi rəhbərliyi İrəvana təzyiq və təsir göstərməyincə, Dağlıq Qarabağ problemi hələ bir müddət də mövcud vəziyyətdə qalacaq. Düşmən bu mesajlardan nəticə çıxarmayacaq. Bu günə kimi onun nəticə çıxardığının şahidi olmamışıq.
 Ermənistan nəticə çıxarmayacağı təqdirdə isə, müvafiq şərait yetişən kimi, aprel döyüşlərində aldığı zərbədən daha ağır zərbələrə tuş gələcək. Bu halda Ermənistan bir dövlət olaraq tamamilə məhv olacaq”.
Rüfət NADİROĞLU