Qəzalı vəziyyətə düşən körpünün inşası yekunlaşır

25 Oktyabr 2018 16:23 (UTC+04:00)

Prezident İlham Əliyevin Bərdə şəhəri ərazisində Tərtər çayı üzərində qəzalı vəziyyətə düşmüş körpünün sökülməsi və onun yerində yeni körpünün tikilməsi ilə bağlı imzaladğı sərəncama əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan tikinti işləri bitmək üzrədir.
 
 
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Movqen.az-a verilən məlumata görə, aparılan işlər çərçivəsində köhnə körpü qısa müddət ərzində sökülüb. Əvəzinə yeni körpünün özülünün və sütunlarının tikintisi aparılaraq başa çatdırılıb, dayaqlar üzərində aşırım tirləri quraşdırılıb. Hazırda körpüdə son tamamlanma işləri aparılır. Körpünün layihəsi 8 bal seysmikliyi nəzərə alınmaqla yerinə yetirilir.


4 aşırımlı körpünün ümumi uzunluğu 126 metr, qabariti isə 11.5 metrdir. Vətəndaşların körpü ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə hər bir istiqamət üzrə 1.5 metr enində piyada səkilərinin də tikintisi həyata keçirilir.


Körpünün inşası müasir tikinti norma və standartlarına uyğun olaraq həyata keçirilir. Hesabi yüklər A-15, NK-100-dür. Kənar dayaqlar massiv dəmir-beton konstruksiyalarda layihələndirilib. Dayaqların diametri 1200 qazma dəmir-beton svaylar üzərində quraşdırılıb. Layihə çərçivəsində Tərtər çayında istinad divarları və sutənzimləyici qurğular inşa edilir. Bundan başqa körpüyə 150 metr uzunluğunda yanaşma yollarının da yenidənqurulması nəzərdə tutulub.


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında və Texnoloji ardıcıllığa uyğun olaraq aparılan tikinti işlərinin nəzərdə tutulan vaxtda başa çatdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Qeyd edək ki, 2018-ci ilin iyul ayında tikintisinə başlanılan körpüdə inşaat işlərinin yaxın aylar ərzində başa çatdırılması planlaşdırılır.