Azərbaycanın növbəti iqtisadi uğuru

26 Oktyabr 2018 07:00 (UTC+04:00)

Hökumətin yenilənmiş proqnozlarına əsasən, 2018-ci ildə ümumi daxili məhsulun (ÜDM) artım səviyyəsi 2% təşkil edəcək. Bu il qeyri-neft sektorunda artım 3,4% (2017-ci ildə 2,7%), neft sektorunda azalma 0,3% (2017-ci ildə azalma 5%) səviyyəsində gözlənilir. 2018-ci ilin yekunları üzrə ÜDM-nin nominal həcmi 76 mlrd. 884,6 mln. manat səviyyəsində proqnozlaşdırılır. Proqnozda diqqəti çəkən əsas məqamlardan biri isə 2019-cu ildə ümumi daxili məhsulun (ÜDM) 3,6% artacağıdır. Belə ki, 2019-cu ildə nominal ÜDM 81 milyard 955,1 milyon  manat, real iqtisadi artım 3,6% səviyyəsində proqnozlaşdırılır. Qeyd edək ki, bu, əvvəlki göstəricilərdən az qala iki dəfə çoxdur. 

İqtisadçıların fikrincə, proqnozlarda bu dəyişimi şərtləndirən obyektiv səbəblər var. İqtisadçı-ekspert Pərviz Heydərov bildirir ki, 2019-cu ilin dövlət büdcəsi layihəsi ortada olarkən, ümumi daxili məhsul istehsalı tempi nəzərdən keçirilməyə bilməz: “Cari ilin ötən 9 ayında ÜDM təxminən, 1 %-ə yaxın, 0,8 % artıb. Qeyri-neft sektorunda artım isə 1 % olub. Güman etməyə əsas var ki, ilin qalan 3 ayı ərzində ümumi istehsal həcmi 1 %-i keçəcək və hökumətin qabaqcadan proqnozlaşdırdığı kimi olacaq. 
Hökumət 2018-ci ildə ÜDM-in artımını 1,5% səviyyəsində proqnozlaşdırmışdı. Lakin hesab olunurdu ki, 2016-cı ildə 3,1% azalmadan sonra 2017-ci ildə 0,1% artımın qeydə alınması, bu il üçün ən azı neftin dünya bazar qiymətlərinin sabit qalacağıyla əlaqədar, daha yüksək nəticə əldə olunacağını vəd edir. Bundan əlavə, ölkənin qeyri-neft sektoru inkişaf etdirilir. Hökumətin qeyri-neft məhsullarının ixracının getdikcə genişləndirilməsi istiqamətindəki tədbirləri yeni vüsət alır. Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”da isə bildirilir ki, 2019-cu ildə ÜDM-nin artım tempi 3,1 %, 2020-ci ildə 3,5 %, 2021-ci ildə isə 2,4 % təşkil edəcək. Manatla ifadədə isə ümumdaxili məhsul istehsalı müvafiq olaraq, 75 milyard 389 milyon, 81 milyard 245 milyon, 84 milyard 973 milyon təşkil edəcək. Sözün qısası, ÜDM istehsalında artımın dayanıqlı xarakter daşıyacağı aşkar görünür. Bunu həm neftin dünya bazar qiymətlərinin səviyyəsi, həm də qeyri-neft sektorunun inkişaf etdirilməsiylə bağlı ölkədə həyata keçirilən iqtisadi kurs müəyyən edir. Ümumi iqtisadi artım əvvəlki illərdəki olduğu kimi ikirəqəmli səviyyədə olmasa da, dayanıqlı şəkildə birrəqəmli səviyyədə dinamik inkişafı onun yeni dayaqlar üzərində daha çox möhkəmlənməsi əsasında baş verəcək”.
Digər iqtisadçı-ekspert Cəfər İbrahimli bildirdi ki, əslində, 2018-ci il üçün də ÜDM-də böyümə ehtimal edilir: “Hələlik 1.5 faizdir. Lakin ilin sonuna qədər bu rəqəmin 2.5 faiz olma ehtimalı var. 2019-cu ilə gəldikdə də ÜDM-in artımı gözlənilir. Belə ki, real sektora dəstək verilməsi  çərçivəsində büdcənin artırılması nəzərdə tutulur. Yəni, əlavə dəyərin yaradılması, iqtisadiyyatın böyüməsi üçün dəstək verilməsi fonunda ÜDM-in böyüməsi mümkün variant kimi görünür. 
İnvestisiyalara büdcə yolu ilə dəstək veriləcəyi müddətdə ÜDM-in artımı real görünür. Onu da nəzərə alaq ki, ölkədə istehasala yönəlik investisiyalar stimullaşdırılır. Odur ki, stimullaşdırıcı tədbirlər, dəstəklər fonunda ÜDM-də təxmin olunan böyümə əldə edilə bilər”.
Mübariz BAYRAMOV