Qarabağ münaqişəsində həlledici il

26 Oktyabr 2018 09:00 (UTC+04:00)

Nikol Paşinyanın gah-gah siyasəti davam edir. Belə ki,  Ermənistan parlamentində son çıxışında baş nazirin səlahiyyətlərini icra edən Paşinyan yenidən Düşənbə görüşündə əldə olunan razılığa zidd olan açıqlama verib. O, işğal olunmuş ərazilərdəki separatçı rejimin danışıqlarda iştirak etməli olduğunu bildirib. Siyasilərin fikrincə, onun tez-tez fikir dəyişməsi taktika yox, səriştəsizliyindən irəli gəlir. Bu isə ona baha başa gələ bilər. Qısası, Azərbaycana “vur” deyir. 

Politoloq Vasif Əfəndi hesab edir ki, Nikol Paşinyanın Dağlıq Qarabağla bağlı və ümumiyyətlə, bütün siyasi bəyanatları seçkiyə hesablanmış müvəqqəti  haldır: “Hazırda Paşinyanın qarşısında yeganə problem partiyasının və tərəfdarlarının seçkilərdə qələbə qazanmasıdır. Bu gün daxili auditoriyanı qıcıqlandıracaq hər hansı bəyanatın verilməsi Paşinyanın siyasi kariyerasının başlamadan  bitməsi ilə sonunclana bilər. Ona görə də Dağlıq Qarabağ probleminin həlli ilə bağlı sərsəm bəyanatlar verməsi bizə görə “normal” hal hesab oluna bilər. Lakin bir reallıq da var ki, Qarabağın erməni əhalisinin danışıqlara cəlb olunması Ermənistan xarci siyasətinin əsas prioritetlərindən biridir və uzun illər danışıqları pozmaq üçün istifadə olunan taktikadır. Azərbaycan tərəfi isə haqlı olaraq Dağlıq Qarabağ ermənilərinin danışıqlarda tərəf kimi iştirakını qəbul etmir. Əgər bu, baş verərsə, biz kiçik bir bölgənin - 50-60 min əhalisi olan   keçmiş muxtar vilayətimizin 10 milyonluq respublakını öz gücünə işğal etməsi yalanına şərik olmuş olarıq və bu işğalda daha böyük güclərin iştirakı barədə verdiyimiz bəyanatları heçə endirərik. Danışıqlarda tərəf kimi Qarabağın hər iki icmasının - erməni və azərbaycanlı vətəndaşlarımızın nümayəndələrinin iştirakı mümkündür.  
Paşinyanla əsas danışıqlarımız seçkilərdən sonra başlayacaq. O zaman erməni nazirin başqa hava çaldığının şahidi olacağıq. İlk növbədə Paşinyan yenə də zaman udmağa çalışacaq. Lakin Azərbaycan tərəfi buna imkan verməməlidir”.
Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın parlamentin iclasında Qarabağ konflikti ilə bağlı qeyd etdikləri  Düşənbə razılaşmasının əleyhinədir: “Çünki, bu razılaşmaya əsasən, cəbhə xəttində nisbi sakitlik hökm sürür. Bu da Nikol Paşinyana daxili siyasətdə daha da çevik addımlar atmağa sövq edib. Ona görə də Paşinyanın bu kimi açıqlamaları onun qeyri-ciddi bir siyasətçi olmasının təzhürüdür. Amma o, danışıqlara məcburdur. 
Müharibə variantı onun siyasi fiaskosu ola bilər. Paşinyan reallığı gözəl anlayır. Sadəcə, daxili auditoriyaya bu mesajı verir. Əməli ilə verdiyi açıqlamalar tərs-mütansibdir. Siyasətçi isə açıq şəkildə belə davranışlara yol verməməlidir. Nəzərə alaq ki, Qarabağ məsələsi Ermənistan siyasətini müəyyən edən bir əsas xətdir. Siyasətçilər münaqişənin həllinə getmək iqtidarındadılarsa, mütləq cəmiyyətə bu barədə məlumatlar verməlidirlər. Görünür, Paşinyan yenə də xalqı aldadır”.
Politoloq əlavə etdi ki, Azərbaycan Ermənistana növbədənkənar parlament seçkilərinə görə vaxt verib: “Paşinyan yenə də eyni ssenarini davam etdirib, razılaşmaların ruhuna zidd açılamalar verərsə, real danışıqlar prosesindən uzaqlaşarsa, müharibə ehtimalı gündəmə gələcək. Bununla da Ermənistan cəbhədə ciddi itkilərə məruz qalacaq. Bu da Paşinyana  qarşı daxili narazılığın artmasına və hakimiyyətinin laxalmasına səbəb olacaq. Odur ki, gələn il Qarabağ danışıqları üçün həlledici il olacaq. 
Nəzərə alaq ki, ABŞ da status-kvonun dəyişməsində maraqlıdır. Azərbaycan da öz hərbi arsenalını hər keçən gün gücləndirməkdədir. Bundan başqa, regionda proseslər Ermənistanın əleyhinə işləyir. İşğal faktoruna ABŞ da açıq etirazını bildirir. Ona görə də Paşinyan üçün gələn ildən ciddi sınaq başlayır: ya sülh, ya da müharibə. Azərbaycan isə iki varianta da hazırdır”.
Mübariz BAYRAMOV