Deputat: Bakı Beynəlxalq Humanitar Forumu Azərbaycana beynəlxalq səviyyədə uğur gətirən möhtəşəm tədbirdir

29 Oktyabr 2018 09:56 (UTC+04:00)

Bakı Beynəlxalq Humanitar Forumu artıq dünyada tanınmış bir əhəmiyyətli tədbirdir. Movqe.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Onun sözlərinə görə, Forumda nüfuzlu şəxslərin iştirak etməsi tədbirin artıq dünyada böyük əhəmiyyət kəsb etməsinin sübutudur:

"Forumda dünyanın 90-a yaxın ölkəsi, 20-dən çox nüfuzlu beynəlxalq təşkilat təmsil olunub. Bu onu göstərir ki, Azərbaycan ərazisinə və əhalisinin sayına görə o qədər də böyük ölkə olmasa da, bu gün dövlətimizin dünyada baş verən proseslərlə, aparılan dialoqlarla, həmçinin digər proseslərlə bağlı mövqeyi həlledici mövqe kimi tanınır".

Deputat vurğulayıb ki. Azərbaycan bu cür möhtəşəm tədbirlərə ev sahibliyi etməklə öz fikrini, həqiqətlərini dünya ictimaiyyətinə çatdırır:

"Azərbaycan artıq dünyada istiqamət göstərməyi bacarır, yeni dünyanın necə olması, yeni nəslin necə formalaşması barədə mövqeyini bildirir, xalqlar, dinlər, mədəniyyətlər arasında yaxınlaşmaları, birgəyaşayışın necə təmin olunmasının nümunəsini göstərir".

E.Məmmədov hesab edir ki, Bakı Beynəlxalq Humanitar Forumu Azərbaycana beynəlxalq səviyyədə uğur gətirən bir möhtəşəm tədbirdir.

Qeyd edək ki, oktyabrın 25-26-da Bakıda VI Beynəlxalq Humanitar Forum keçirilib. “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən budəfəki Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb.