Jurnalisti doğrayıb, buxarıda yandırıblar?

29 Oktyabr 2018 11:36 (UTC+04:00)

Türkiyənin İstanbul baş konsulluğundakı qətllə bağlı araşdırması davam etdirilir.

ovqe.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, əldə Camal Haşoqqinin mobil telefonuna düşən səsdən başqa dəlil və cəsədin tapılmasına dair hər hansı sübut yoxdur.

Ehtimallara görə, "The Washington Post"un köşə yazarı baş konsul Uteybinin otağında işgəncə ilə qətlə yetirilib.

Lakin onun otağından hər hansı şübhəli barmaq izi tapılmayıb. Yeni İddialara görə, cəsəd binadan çıxarılmayıb, elə otaqdaca məhv edilib.

 

Belə ki, otaqdakı buxarı təxminən hadisənin baş verdiyi vaxtlarda yandırılıb. Polislər düşünürlər ki, bəlkə də, Haşoqqi öldürüldükdən sonra qalıqları orada yox edilib.

Şübhələrlə bağlı buxarıdan da nümunələr götürülüb, araşdırmaq üçün laboratoriyaya göndərilib.

Xatırladaq ki, ABŞ-da Səudiyyə Ərəbistanı əleyhinə yazılar yazan jurnalist Camal Haşoqqi oktyabr ayının 2-də Səudiyyənin İstanbul baş konsulluğunda qətlə yetirilib. Səudiyyə jurnalistin öldürüldüyünü etiraf edib. Cinayətlə bağlı 18 şübhəli saxlanılıb.