“Reket jurnalistika”ya qarşı hüquqi müstəvidə də sərt addımların atılması zərurətə çevrilir

29 Oktyabr 2018 13:23 (UTC+04:00)

Bir çox peşələrin adına ləkə gətirənlər olduğu kimi, “reket jurnalistlər” də Azərbaycan mediasının üz qarasıdırlar. Son illər bu istiqamətdə mübarizə tədbirləri aparılsa da, hələ də “reket jurnalistika”nı Zərdabi ənənələrini yaşadan, peşəkar jurnalistika ilə məşğul olan медиамыздан tam təmizləmək mümkün olmayıb. “Reallıq.info” saytının baş redaktoru İkram Rəhimovun həbsi isə bir daha təsdiqlədi ki, “reket jurnalistika”ya qarşı ictimai qınaq səviyyəsində mübarizə  tədbirləri aparılsa da, onların fəaliyyətinin bu üsulla qarşısını almaq artıq mümkün deyil. 
Ekspertlər də cəmiyyətin inkişafında vacib institut olan medianın bir qrup reketlər tərəfindən cəmiyyətin gözündən salmasına qarşı hüquqi müstəvidə tədbir görməyin artıq vaxtı çatdığını söyləyirlər. 


Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Movqe.az-a açıqlamasında Şuranın yarandığı gündən “reket jurnalistika”ya qarşı mübarizə apardığını söyləyir. Deputat bildirir ki, “reket jurnalistika”nın əsas məqsədi cəmiyyəti məlumatlandırmaq yox, ayrı-ayrı insanlar, təşkilatlar haqqında yalnış informasiyalar vermək, onları şantaj edərək öz şəxsi mənfəətlərini güdmək, istədiklərini əldə etməkdir: “Əslində, mahiyyətcə bu, cinayət əməli hesab olunur. Bunların jurnalistikaya bir bağlılığı yoxdur. Əgər cəmiyyətdə cinayət hadisəsi baş verirsə, qanunvericiliklə nəzərdə tutulmuş şəkildə hüquq mühafizə orqanları tərəfindən araşdırılmalı, qanuna uyğun cəzalandırılmalıdır. Amma bunun bir tərəfi jurnalistikaya bağlı olduğu üçün, jurnalist adı altında həyata keçirildiyi üçün bizi də narahat edir. Bu hal cəmiyyətdə jurnalistə  qarşı inamı azaldır, bu peşə sahiblərini gözdən salır. 
Azərbaycan Mətbuat Şurası yarandığı vaxtdan bu günədək bu sahəni diqqətdə saxlayır. Azərbaycan Jurnalistlərinin 5-ci Qurultayında qurultay iştirakçılarının təkidi ilə “reket jurnalistika”ya qarşı mübarizə komissiyası yarandı. Bu komissiya bu gün də mütəmadi işləyir. Məqsəd jurnalistika adından istifadə edənlər barədə məlumatı cəmiyyətə çatdıraq, onlara qarşı mübarizə aparmaq, cəmiyyətin mübarizəsini təşkil etməkdir. Eyni zamanda hüquq mühafizə orqanlarının da işi ondan ibarətdir ki, öz səlahiyyətləri çərçivəsində, qanunun imkanlarından istifadə edərək mübarizə aparsınlar”.
Ə. Amaşov Milli Məclisdə “reket jurnalistika”ilə mübarizənin qanuni müstəvidə aparılması ilə bağlı yeni qanunun qəbulunu və müvafiq qanunlara dəyişikliklərin edilməsinin də mümkün olduğunu bildirib: “Mən özüm bir neçə dəfə bu məsələni gündəmə gətirmişəm”.    


Ekspert, “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev də deyir ki, “reket jurnalistika”ilə mübarizə ölkəmizdə çoxdan başlayıb: “Bu jurnalistika peşəsinin daha da şəffaflaşdırılmasına xidmət edən bir addımdır. Bu həm də ölkəmizin təhlükəsizliyi səviyyəsində atılması vacib olan fəaliyyət sistemidir. “Reket jurnalistika”ya qarşı mübarizənin ictimai qınaq müstəvisində Mətbuat Şurası aparır. Bu istiqamətdə bizim çox tutarlı qərarlarımız olub. Amma çox təəssüf ki, Mətbuat Şurasının ictimai qınaq səviyyəsində qəbul etdiyti qərarlar, verdiyi tövsiyələr heç də bütün media orqanları tərəfindən icra olunmur. Bu da onu göstərir ki, Azərbaycan dövləti məcburi şəkildə “reket jurnalistika” ilə mübarizəni artıq hüquqi müstəvidə olan imkanlarını səfərbər etməklə aparmağa məcburdur. Elə İkram Rəhimovun həbsinə də bu konteksdə yanaşmaq lazımdır. 
Bu cür “reket jurnalistika” ilə məşğul olanlar həm jurnalistika sənətini hörmətdən salırlar, həmçinin də ölkənin milli təhlükəsizliyini, informasiya təhlükəsizliyini çox ciddi qorxu altına salmış olurlar. Çox maraqlıdır ki, “reket jurnalistika” ilə məşğul olanlar bunu özlərinə şəxsi dolanışıq vasitəsinə çevirməklə yanaşı, həm də bəzi hallarda öz imkanlarında olan resurslar vasitəsilə dövlətçilik əleyhinə olan separatizm çağırışları, konstitutsiya quruluşunun zorla dəyişdirilməsi kimi qorxulu çağırışlar edirlər. Bunlar çox ciddi məsələlər olduğundan, ciddi nəticələr çıxartmağa əsas verir. 
“Reket jurnalistika”ilə məşğul olanlardan ibarət şəbəkə, Azərbaycan əleyhinə mübarizə aparan mərkəzlərin birbaşa təsiri altına düşə bilərlər. Ona görə də, “reket jurnalistika”ya qarşı dövlət resurslarının cəlb olunması tam başadüşüləndir. Bu, bizim milli və dövlət təhlükəsizliyimizin vacib elemenlərindən biridir. Nəzərə alaq ki, reket jurnalistika ilə məşğul olan və təəssüf ki, adı jurnalist adlandırılan insanlar bu yolla özlərinə pul qazansalar da, insanların şəxsi həyatına müdaxilə etsələr də, daha qorxulusu ondan ibarətdir ki, dövlət maraqlarını və dövlət mənafelərini zərbə altında qoyurlar. Ona görə də “reket jurnalistika” ilə mübarizə həm Azərbaycan Mətbuat Şurası tərəfindən ictimai qınaq müstəvisində, həm də dövlət resurslarının hüquqi müstəvisində daha kəskin şəkildə aparılmalıdır. Biz bu yolla həm jurnalistikanı təmizləyə, əvvəlki hörmətini, peşəkarlığını özünə qaytara bilərik, həmçinin də dövlət və milli təhlükəsizliyimizi təhdid edən mühüm mənbələrdən birini neytrallaşdıra bilərik. 
Əminəm ki, həm hüquqi, həm də ictimai qınaq müstəvisində müəyyən tənbeh tədbirlərinin hədəfi olmuş media orqanları və jurnalistlər bu qərarlardan lazımi nəticə çıxardaraq islah olunacaqlar. Ölkədə ciddi və peşəkar jurnalistika ilə məşğul olan şəxslərə dövlətin, cənab Prezident İlham Əliyevin hər cür himayəsi var. Jurnalistlərin mənzillə təmin olunmasından tutmuş onların sosial problemlərinin həllinə qədər çox geniş tədbirlər sistemi həyata keçirilir. Ciddi və peşəkar jurnalistikaya çox böyük dövlət dəstəyinin olduğu bir məkanda “reket jurnalistika” ilə məşğul olanlara ümumiyyətlə, yer olmamalıdır. Onların özləri bunun nə qədər yolverilməz olduğunun fərqinə varmalıdırlar”.

Zülfiyyə QULUYEVA