Neftin qiymətində yeni dalğalanmalar başlanır

30 Oktyabr 2018 09:00 (UTC+04:00)

Məlumdur ki, ABŞ müttəfiqlərindən İrandan neft idxalını noyabr ayına qədər dayandırmalarını istəyib. Bu fonda İran neftini alan ölkələrin sayı azalmaqdadır. Amma o da məlum olur ki, OPEC-in əlavə hasilat imkanları azalan hasilatı kompensasiya etmək üçün kifayət deyil. 

İqtisadçıların sözlərinə görə, qarşıdakı dövr ərzində neft bazaranda kəskin qiymət dəyişikliyi mümkündür. Xüsusən də qiymət artımı gözlənilir. İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, neft bazarını ciddi dalğalanmalar gözləyir: “Neft bazarı adi bir xəbərə həssas reaksiya verəcək. Çünki, xəbərlər qiymətin formalaşmasında əsas rol oynayır. Çıxan xəbərlərin fonunda neftin qiymətinin kəskin dəyişməsini görürük. Neft iki həftə əvvəl 90 dollara yaxınlaşmışdı. İndi isə 10 dollara qədər enmələr müşahidə olunur. Bu da xəbərlərlə bağlıdır. 
Səudiyyə Ərəbistanının hasilatın artırılması ilə bağlı verdiyi açıqlama ilə neft bazarında dalğalanmalar yaşandı. Ancaq bu, gözləntidir. Səudiyyə Ərəbistanı bu qədər nefti kompensasiya edə biləcəyi dəqiq deyil. Ondan sonra  neftin qiymətinda dalğalanmaların çox olacağını görəcəyik”.
İqtisadçı İranla bağlı iki önəmli məsələnin olduğunu əlavə etdi: “Birincisi, Türkiyə İran neftindən imtina etməsi ilə bağlı açıqlama verməyib. Çindən sonra İrandan ən çox neft alan ölkə Türkiyədir. İrandan 600-700 min barrel neft alır. Bunu kompensasiya edəcək həcm yoxdur. Həcm tapılsa, ABŞ-ın dəstəyi olsa, Türkiyənin İran neftindən imtina etməsi mümkündür. İkincisi həmlə isə Rusiyadan gəldi. 
Məlumdur ki, Rusiya sanksiyalar altındadır. Rusiya İran neftini almağa qadir olduğunu bəyan edib. İrandan alacağı nefti öz nefti ilə bərabər dünya bazarına çıxaracaq. Rusiyaya həm də ona görə sərf edir ki, bu şərtlər çərçivəsində İran ona nefti daha ucuz satacaq. Bu fonda da Rusiya neft şirkətlərinə ciddi pul qazanmaq imkanları yaranır. Rusiyaya qarşı isə sanksiyaların bundan artıq kəskinləşməsi mümkün deyil. Çünki, Rusiyanın neft və qazından imtina etmək mümkün deyil. Avropaya 800 milyon barrel neft, 140 milyard kibmetrə yaxın qaz satır. Avropanın bunu əvəzləyəcək mənbəsi olmadığına görə Rusiya qaşı ABŞ sanksiya tətbiq etsə də, qoşulmayacaq. Bu iki məsələ neftin qiymətinin kəskin artımının qarşısını alan faktora çevrilib. Lakin Türkiyə və Rusiya İran neftindən imtina etsələr, qiymətlərdə kəskin artım mümkündür. Amma bu, müvəqqəti xarakter daşıyacaq. Çünki, həm Səudiyyə Ərəbistanının, həm də Rusiyanın hasilatı artırmaq qərarları var. Səudiyyə Ərəbistanı hasilatı  ötən ay 600 min barrel artırıb. Noyabr ayında isə 400 min barrel artırmağı planlaşdırır. Rusiyada da 500 min barrel artım müşahidə olunur. İranın isə 1.8 milyon barrel satışı olurdu. Yəni, İran nefti bazardan tamamilə çıxsa da, Səudiyyə Ərəbistanı, Rusiya və ABŞ bunu kompensasiya edə biləcəklər. Əgər İrana qarşı sanksiyalara ciddi əməl olunsa, bir neçə ay qiymətlərdə kəskin yüksəliş müşahidə edə bilərik”.
Enerji məsələləri üzrə ekspert Fuad Rəsulov da qısa müddət ərzində neftin qiymətinin bir qədər qalxmasını istisna etmir: “Qiymətlər ilin sonuna qədər 90 dollara qədər arta bilər. Bunu təsdiqləyən bir neçə faktor var. Məsələn, Rusiya büdcədə neftin qiymətini 70 dollar ətrafında nəzərdə tutub. Rusiyanın neft şirkətləri isə 75 dollardan hesablayırlar. Yəni, enməsi ilə bağlı tərəddüdləri yoxdur. 
Həmçinin bir sıra ölkələr neftin qiymətinin yuxarı qalxacağını gözləyirlər. Lakin Avropa, Asiya ölkələri İran neftini almağa səylər göstərirlər. Odur ki, indidən dəqiq proqnoz vermək çox çətindir. Sanksiyalar tətbiq olunandan sonra məlum olacaq”.
Mübariz BAYRAMOV