Ermənistan dövlət siyasətinin kimin əli ilə idarə olunacağını dəqiqləşdirə bilmir

30 Oktyabr 2018 11:09 (UTC+04:00)

Ermənistana kimin başçılıq etməsindən asılı olmayaraq həmişə onun- bunun ardınca sürünən iqtidarlar hələ də özlərinin daxili , xarici siyasətlərinin kimin əli ilə idarə olunacağını dəqiqləşdirə bilmirlər. Hadisələrin gedişinə uyğun olaraq üzünü gah Rusiyaya, gah da Qərbə çevirən Ermənistan rəhbərlərinin mövqeyi işğalçı dövlətə kimin daha çox ianə verməsi ilə ölçülür. Hakimiyyətə gəlmək üçün onu dəstəkləyənlərə guya sələflərinin buraxdıqları səhvləri aşkarlayıb, düzəldəcəyi vədini verən baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan atdığı addımları ilə daha böyük bataqlığa batdığını yavaş-yavaş hiss edir. 
Hazırda işğalçı ölkədə vəziyyəti gərginləşdirən parlament seçkiləridir. Vədlərini yerinə yetirə bilməyən Paşinyan diqqəti özündən yayındırmaq üçün xalqın bir növ yaralı yeri olan keçmişi qurcalamaqla məşğuldur. İctimaiyyətə 27 oktyabr 1999-cu ildə parlamentdə törədilən terroru xatırlatmaqla, hadisə qurbanlarını yad etməklə özünə əlavə dividend qazandırmağa çalışan Paşinyanın 19 il əvvəlki silahlı basqını yada salması təsadüfi deyil. Həmin hadisələrdə spiker Karen Dəmirçyan da daxil olmaqla qətlə yetirilən 7 nəfərin qohumları ilə görüşüb, onlara “təsəlli verən” Paşinyanın bu həmləsi tülkünün həccə getməsi kimi bir “ibadətdir.” Terror aktı ilə bağlı versiyalar çox olsa da onların arasında sifarişçinin və təşkilatçının o zamankı prezident Robert Köçəryanın olması faktı Paşinyanın əlinə göydən düşmə fürsət effektini yaradır.
Ermənistanda hadisələrin mürəkkəbləşdiyi bir zamanda verdiyi vədləri yerinə yetirmək imkanında olmayan Paşinyana Köçəryandan intiqam almaq üçün yaranan məqam əla fürsətdir. Paşinyan növbədənkənar seçkilər öncəsi parlament terrorunu araşdırmaqla xalqın diqqətini özündən yayındırır və eyni zamanda yenidən ictimaiyyətin etimadını qazanmaq istəyir. Sonra isə “mart hadisələri” , o zaman keçirilən prezident seçkiləri zamanı öldürülən, sabiq dövlət başçısı Serj Sərkisyanın “ayağına yazılan” digər qurbanlar gündəmə gətiriləcək.
Amma Paşinyanı narahat edən başqa məsələlərdir. Bu yaxınlarda Almaniya və Fransa kimi qüdrətli ölkənin separatçı rejim “dqr”i tanımadığı barədə verdiyi açıqlama, Rusiya ilə ölkəmizin qarşılıqlı etimada əsaslanan münasibətlərinin tanınmış siyasətçilər, dövlət rəsmiləri tərəfindən təsdiqlənməsi, ABŞ-ın Cənubi Qafqaz respublikaları arasında Azərbaycanla əməkdaşlığa daha çox maraq göstərməsi, ölkəmizdə biri-birindən əhəmiyyətli beynəlxalq tədbilərin keçirilməsi, tanınmış xadimlərin dövlətimizlə bağlı səsləndirdikləri fikirlər, dünya enerji bazarında mövqeyini möhkəmləndirən respublikamıza artan maraq Paşinyanın sinir sistemlərinin pozulmasına gətirib çıxarıb.
Buna görə də Paşinyanın parlament seçkilərində daha çox tərəfdar toplamaqdan başqa çıxış yolu yoxdur. Bunun üçün də yenidən “ küçə" amilindən istifadə etməyə başlayıb. 1990-cı illərdə baş verənləri açıb- tökməklə özünə dividend qazanmağa çalışan Paşinyan unudur ki, hər fikirləşdiyi heç də onun gözlədiyi kimi nəticələnməyə bilət. Siyasi, iqtisadi, hərbi tənəzzülə uğrayan ölkənin vətəndaşları artıq yenidən küçələrə çıxaraq sosial problemlərin həllini, cəbhədə həlak olan övladlarının ölümündə təqsirkar olanlar haqqında cəza tədbirlərinin görülməsini tələb edirlər. 
Buna görə də məngənə arasında sıxışıb qalan Paşinyan üçün parlament seçkiləri nəfəslik, çıxış yoludur. Bu “qayıdış” üçün hələlik ən inandırıcı yol terror qurbanlarının ruhunun “ yad edilməsi”, o hadisəni törədənləri məzarlarından çıxarıb təqsirkar qismində məhkəmə qarşısına çıxartmaqdır. Görünür, Paşinyan bu "ağılla" onu da edər, təqsirkar bilinənə ölülərə qarşı cinayət işi də açar.                                

 Analitik Ehtiram Aşırlı