İrəvan Vaşinqton və Moskva arasında əzilir

31 Oktyabr 2018 08:00 (UTC+04:00)

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun bölgəyə səfərindən sonra Vaşinqton İrəvanı konkret seçim qarşısında qoyub. Bu ölkə ya ABŞ, ya da onunla rəqib olan tərəfdə olmalıdır. Belə ki, bir tərəfdən ABŞ rəsmisi ermənilərə ölkələrinin problemlərinin həllinin Dağlıq Qarabağ münaqişəsinin həllindən keçdiyini başa salmağa çalışdı. 

Digər tərəfdən, ABŞ İrəvana açıq şəkildə bəyan etdi ki, Rusiyadan silah almağı dayandırsa, Pentaqon Ermənsitana silah satmağa hazırdır. Həmçinin, İran məsələsində də Vaşinqton İrəvana seçim etmək tələbi qoyub. Yəni Boltonun səfəri onu göstərir ki, Vaşinqton İrəvanı konkret seçim qarşısında qoyub. İrəvan ya ABŞ-ın istəyinə uyğun hərəkət etməli, ya da ona rəqib olan Rusiya və İran kimi dövlətlərin tərəfində dayanmalıdır. 
Siyasi icmalçı Azər Həsrət bildirdi ki, Ermənistanın ABŞ və ya Rusiyaya münasibətdə hansı seçim etməsindən asılı olmayaraq, onun vəziyyəti ağırlaşmaqda davam edəcək. Həmsöhbətimizin fikrincə, Ermənistanın düşdüyü ağır durumdan xilas olmasının yalnız bir yolu vardır, o da Azərbaycan torpaqlarını işğaldan azad etməkdən keçir: “Ermənistan hazırda elə bir ağır durumdadır ki, ABŞ ona seçim etməklə bağlı təzyiq etsə belə, heç nə dəyişməyəcək. Yaxud da, Vaşinqton Ermənistanın problemlərinin həllində yaxından iştirak edə bilməyəcək. 
Məsələ ondadır ki, Ermənistan özünün  işğalçılıq siyasəti üzündən blokada şəraitində yaşayır. Blokadanın olmasının nəticəsidir ki, düşmən ölkə və onun əhalisi olduqca pis durumdadır. Ölkənin iqtisadiyyatı çöküb. Mənəvi-psixoloji durum aşağı səviyyədədir. İnsanlar kütləvi şəkildə ölkəni tərk edir. Təbii ki, belə bir şəraitdə ABŞ Ermənistanı əlavə seçim qarşısında qoymaq üçün o qədər də imkana malik deyil. Sadəcə olaraq, ABŞ hansısa formada yardım edəcəyilə bağlı Ermənistanı müəyyən qədər həvəsləndirə bilər. ABŞ-ın Ermənistana silah satışı məsələsi isə ikinci dərəcəli məsələdir. 
Bilirsiniz ki, Ermənistana silah satışı tamamilə Rusiyanın əlindədir. Bu fonda İrəvan Moskvaya arxa çevirəcəyi təqdirdə belə, Rusiya elə də asan şəkildə Ermənistandan vaz keçməyəcək. Ermənistana Rusiya lazımdır, ayaqda durmaq üçün. Eyni zamanda Rusiyaya ya Ermənistan lazımdır. Xüsusən də indiki şəraitdə, Gürcüstanda baş verən proseslər, bu ölkənin sürətlə Qərbə doğru inteqrasiya etməsi, Azərbaycanın isə müstəqil siyasət yürütməsi fonunda Ermənistan Rusiya üçün çox arzuolunan bir ölkədir.  O baxımdan ABŞ-ın Ermənistana münasibətdə bir qədər sərt bəyanat verməsi, onu seçim qarşısında qoyması elə də ciddi dəyişikliyə səbəb olmayacaq. Sadəcə olaraq, Azərbaycan tərəfi olaraq bu yanaşmadan öz xeyrimizə istifadə edə bilərik. Yəni, ABŞ-ın Ermənistana münasibətdə səsləndirdiyi bu mövqeyi tez-tez  beynəlxalq tribunalardan dilə gətirməklə, təbliğatı prosesdə dünya ictimaiyyətini tərəfimizə çəkmək üçün hardasa əlavə imkan qazanmış olarıq. Amma Ermənistanın indiki halda ABŞ-ın seçim tələbinə baxmayaraq, yeni bir seçim edəcəyini düşünmürəm. Zatən Ermənistan elə bir ağır durumda, quyunun ən dərin qatındadır ki, bu fonda ona münasibətdə növbəti təzyiq olarsa, onun onsuz da pis olan vəziyyəti daha da pisləşəcək. Ermənistan seçim qarşısında qalaraq seçim etsə də nə olacaq ki? Çünki Ermənistanın bütün problemlərinin həlli Azərbaycan və Türkiyə ilə münasibətlər qurmasından keçir ki, bunun üçün də İrəvan işğal siyasətinə son qoymalı, qonşuları ilə mehriban yaşamağa başlamalıdır. 
İrəvan Dağlıq Qarabağ münaqişəsinin həllində razılığa gəlsə, bu halda sərhədlər açılacaq və Ermənistan özünün indi üzləşdiyi problemlərindən xilas ola biləcək. Amma bunlar baş vermədikcə, istər ABŞ, istər Rusiya, istərsə də qeyrisi olsun, Ermənistanı düşdüyü ağır durumdan çıxara bilməyəcək. Bu, mümkünsüz görünür”.
 Rüfət NADİROĞLU