Paşinyan Ermənistanda da lağ obyektinə çevrilir

31 Oktyabr 2018 09:15 (UTC+04:00)

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bildirib ki, Paşinyan Dağlıq Qarabağ məsələsi ilə bağlı mövqeyini müəyyən edə bilmir: “O anlayır ki, bu, çox incə məsələdir. Onun bəyanatları göstərir ki, problemdən uzaqlaşmaq və yerinə Qarabağı tərəf kimi təqdim etmək istəyir. Lakin bu baş tutmayacaq. Çünki Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına Ermənistanın cəlb olunmasının dərəcəsi, eləcə də Qarabağın təhlükəsizliyində oynadığı rol o qədər böyükdür ki, Paşinyanın planı alınmayacaq”. Köçəryan  qeyd edib ki, Paşinyanın istəyini nə həmsədrlər, nə də beynəlxalq cəmiyyət ciddi qəbul edəcək: “Paşinyan münaqişə ilə bağlı mövqeyini formalaşdıranda məlum olacaq ki, bu, əvvəlki hakimiyyətin mövqeyi ilə uyğundur”. 

Küçə mitinqləri sayəsində hakimiyyət dəyişikliyinə nail olaraq baş nazir kürsüsünə yiyələnən Nikol Paşinyan hələ də inqilab eyforiyasından ayılmayıb. Onun dəfələrlə qeyd ediyi “Sülh danışıqlarında Qarabağ erməniləri tərəf kimi çıxış etməlidirlər” fikri utopist olduğu qədər də mənasızdır. Məsələ burasındadır ki, elə Ermənistanın özündə də bu fikir dəstəklənmir. Bunun siyasi və digər səbəbləri var. Birinci istiqamət keçmiş prezident Robert Köçəryanın sərgilədiyi mövqe ilə təsbit olunur. Bu günlərdə Paşinyan İrəvanda ATƏT-in Minsk qrupunun həmsədrləri İqor popov (Rusiya), Endryu Şeffer (ABŞ), Stefan Viskonti (Fransa) və ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Ancey Kaspşiklə görüşündə beynəlxalq ictimaiyyətin də bildiyi faktdan qaça bilməyib. Belə ki, Ermənistanın tərəf olduğu haqda müfəssəl məlumat ortada olduğu üçün erməni  baş nazir əvəzi Qarabağda yaşayan ermənilərin tərəf olmaları haqda xəyallarını dilə gətirməyib. Söhbətdə beynəlxalq ictimaiyyətin mandatının missiya qismində yeganə format olması və istisna olaraq sülh yolunun seçilməsi qeyd edilib. 
Düşənbədə Azərbaycan Prezidenti ilə ayaqüstü dialoq barədə Paşinyan bu dəfə də ağızdolusu danışıb və bunun sülh prosesinin formalaşmasında əhəmiyyətli hadisə kimi dəyərləndirib. Bu faktı tez-tez təkrarlayan erməni baş nazir əvəzi, belə görünür ki, hakimiyyətdə olduğu müddətdə qazandığı ən böyük nailiyyət hesab edir. Çünki, onun verdiyi qeyri-adekvat bəyanatlar öz sərsəmliyi ilə nə öz ölkəsində, nə də beynəlxalq aləmdə qəbul edilir. Üstəlik də Paşinyanın reytinqi Ermənistanda get-gedə aşağı enir. Bəlkə də o, Azərbaycan Prezidenti ilə birbaşa əlaqə yaratmaq ideyasını şişirtməklə itirdiyi nüfuzunu qoruyub saxlamağa çalışır. 
Hazırda Ermənistanda gedən proseslər də dediklərimizə sübutdur. Ermənistanda Seçki Məcəlləsinin reforması gedir. Lakin bu işi görən hökumət komissiyasının katibi Daniel İohannisyanın dediyi kimi “inqilabın əsasə addımlarından biri olan yeni Seçki Məcəlləsinin qəbulu baş nazirin prioritet verdiyi səviyyədə həyata keçirilmir”. Respublika partiyası və “Daşnaksütun” fraksiyaları prlamentdə bu işə mane olurlar. Oktryabrın 29-da bu sahədə konstitusiyaya edilməli olan düzəliş həmin fraksiyaların səyi nəticəsində qəbul edilməyib. Bu addımla respublikaçı deputat Armen Aşotyan elan edib ki, “parlament öz siyasi qiymətini verdi və sübut etdi ki, hakimiyyətin əsiri deyil”. Bu sözlər Paşinyanın diktatorluq hökmünə etiraz olmaqla bərabər hakimiyyətini itirmişlərin öz ambisiyalarından uzaqlaşmadığı göstərir. Təbii ki, bu sıraya Robert Köçəryan da daxildir. Onların meydanda olmaları Ermənistanın Qarabağ münaqişəsində tək tərəf olmasını göstərir. Çünki, məhz bu adamlar işğalı həyata keçirən dəstələrdə vuruşublar. 
Ermənistanın tərəf olmasının digər faktı həm də odur ki, hazırda Qarabağda həyata keçirilən soyqırımı və digər vandalizm aktlarında iştirak etmiş on minlərlə Ermənistan vətəndaşı bu əməllərinə görə özlərinə ucuz şan-şöhrət qazanıb, var-dövlət əldə edib, qəhrəman adına layiq görülüblər. Bu şəxslər faktiki olaraq işğalçıdırlar. Onları bu siyahıdan necə silib atmaq olar?! Bu mümkün iş deyil, çünki, tək Azərbaycanda yox, bütün dünyada bu müharibənin Ermənistanın başlaması haqda yüz minlərlə sənəd var. Bu səbəbdən də Nikol Paşinyanın xəyalları elə göylərdə cövlan edə-edə qalacaq. Yerdə isə stol ətrafında həqiqi iştirakçı olan Ermənistan əyləşdiriləcək söhbət də onunla aparılacaq. Ola bilər ki, nümayəndə heyətinə də Paşinyan başçılıq etsin.
N.NOVRUZ