Azərbaycan Cənubi Qafqazda sabitliyin əsas qarantına çevrilir

31 Oktyabr 2018 09:54 (UTC+04:00)

“Azərbaycan Cənubi Qafqazda özünün etibarlı tərəfdaş olduğunu sübut edib, günü-gündən regionun sabitliyinə, burada gedən dinc proseslərə təsir edir”. Bunu Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev deyib. Şimal qonşumuzun təmsilçisindən gələn bu tip mesajlar yeganə deyil. Azərbaycanla əlaqələr quran dünyanın bütün dövlətlərinin nümayəndələri ölkəmizdəki əmin-amanlığın yüksək səviyyədə təmin olunmasını alqışlayır. Ölkənin sosial-iqtisadi inkişafı üçün başlıca prinsiplərdən biri kimi bu amilin rolu böyükdür. 

İlk növbədə, iqtisadiyyatın inkişafı, həyata keçirilən islahatlar prosesi yalnız sabitlik əsasında uğur qazana bilər. Azərbaycanın sürətli yüksəlişi məhz ölkədə sabitlik və dinclik ruhunda baş tuta bilərdi. Əks halda hərc-mərclik, qrupbazlıq və cinayətkarlıq artaraq xalqın rifah halının pisləşməsinə, terrorçuluğun genişlənməsinə şərait yaradardı. İndi dünya çox narahat dövrünü yaşayır. Siyasi və iqtisadi böhranlar dalbadal bir-birini əvəzləyir. Bu cür qarışıq dövrdə sakitliyə nail olmaq dövlət başçısının rəhbərliyi ilə gərgin əməyin məhsuludur. Fakt onu sübut edir ki, Azərbaycanda daxili siyasət doğru-düzgün yollarla aparılır, əhalinin bütün təbəqələrinin istək və arzuları hökumət tərəfindən maksimum dərəcədə təmin edilir. Ən başlıcası insanların azad fəaliyyətinə, fərdi məşğulluğuna şərait yaradılır və qanunların getdikcə möhkəmlənməsi, sadələşdirilməsi, bürokratik əngəllərin aradan qaldırılması, sahibkarlıq sahəsində vergi yükünün azaldılması, sosial layihələrin dayanıqlılığı və davamlılığı ölkədəki sabitliyin qorunmasına ciddi zəmin yaradıb. 
Bütün bu səbəblərdən Azərbaycanla əməkdaşlığa olan maraq getdikcə daha geniş sahələri əhatə edir. Çünki, ölkəmiz regional liderdir və hərtərəfli inkişaf edən ölkədir. Bu istiqamətdə ordu quruculuğu da yüksək səviyyədə aparılır. Artıq Azərbaycan Ordusu regionun ən qüdrətli ordusuna çevrilib. Həm iqtisadi, həm siyasi və həm də hərbi liderlik missiyası Dmitri Savelyevin simasında Rusiya hökumətinin diqqəti cəlb edir. Bu səbəbdən Rusiya Azərbaycanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvlüyünə namizəd kimi görür və əslində, ona bunu təklif edir.  
Savelyevin fikrinə görə,  Azərbaycan Cənubi Qafqazda özünün etibarlı tərəfdaş olduğunu sübut edib: “Azərbaycan günü-gündən regionun sabitliyinə, burada gedən dinc proseslərə müsbət təsir edir”. Ermənistan tərəfinin Azərbaycanın KTMT-ya üzvlüyünə veto qoyacağına dair səsləndirdiyi bəyanatı şərh edən Dmitri Savelyev qeyd edib ki, bu cür bəyanatlar qurum daxilində sabitliyə təsir edir: “Biz Rusiya olaraq Azərbaycanın quruma üzv olması məsələsində israrçı mövqe tutacağıq. Şübhəsiz ki, Azərbaycanın quruma üzv olmasının tərəfdarıyıq”.
Azərbaycanın bu quruma üzv olub-olmaması ayrı bir məsələdir. Amma fakt budur ki, ölkəmizin sabitliyi onun imic göstəricisinə çevrilib. 
Digər sahələrdə də eyni hal müşahidə olunur. Məsələn, Avropa Birliyinə daxil olan ölkələr Azərbaycan hökuməti və şirkətləri ilə əməkdaşlığa ciddi həvəs göstərirlər. Səbəblər sırasında birinci yerdə ölkədəki sabitlik gəlir. Xarici sərmayədarlar ölkəmizə sərməyələri cəsarətlə yatırırlar, çünki əmindirlər ki, sabirlik olan yerdə işləmək asan və əlverişlidir. Bu mənada qoyulan sərmayənin artıqlaması ilə geri qayıdacağına inam böyükdür. Siyasi və sosial sahələrdə də eyni proses gedir. Dövlətin, onun rəhbərinin əhali arasında nüfuza sahib olması, xalqın ölkə başçısına inam bəsləməsi münasibətlərin reallaşması və yüksəlişi məsələsində əksər hallarda həlledici rol oynayır. Buna görə də Qərbdən Şərqə uzanan üfüqdə  dövlətlərin Azərbaycanla əməkdaşlığa ehtiyacı artır. Beynəlxalq nəqliyyat dəhlizlərinin fəaliyyətə başlaması, üçlü formatda siyasi münasibətlərin qurulması, neft kontraktlarının müddətinin uzadılması, humanitar əlaqələrdə dərinləşmə və sair məsələlərə görə maraqlı tərəflər ölkəmizin sabitliyinə istinad edirlər.
N.NOVRUZ