Məşğulluq altsistemi gələn ilin əvvəllərinə hazır olacaq

31 Oktyabr 2018 15:23 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” 5 sentyabr 2018-ci il tarixli Fərmanına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində məşğulluq altsistemi yaradılır.

Nazirlikdən Movqe.az-a verilən məlumata görə, fərmanda həmin altsistemin 6 ay ərzində hazırlanması tapşırılıb. Hazırda bu istiqamətdə texniki tapşırıqlar üzrə işlər davam edir və aparılan işlərin gələn ilin əvvəllərinə yekunlaşdırılması planlaşdırılır.

 

Dövlət məşğulluq xidmətlərinin keyfiyyətinin və çevikliyinin artırılması, işsiz və işaxtaranlara əlçatanlığının təmin olunması üçün bu xidmətlərin elektron infratrukturunun qurulması, məşğulluq portalının yaradılması mühüm önəm kəsb edir. Yaradılacaq məşğulluq altsistemi bu istiqamətdə mühüm addım olmaqla, müvafiq infrastrukturun əsas elementlərindən birini təşkil edəcək.

Altsistem vakansiyalar, habelə işsiz və işaxtaranlara dair real mənzərəni əks etdirən və daim yenilənən məlumat bazasına malik olmaqla, məşğulluq xidmətləri barədə məlumatlara real vaxt rejimində çıxış və onlardan istifadə imkanı yaradacaq.