İrəvan rəhbərliyinin qabiliyyətsizliyi Qarabağda yeni savaşı körükləyir

6 Dekabr 2018 09:00 (UTC+04:00)

Rusiyalı ekspert Yevgeni Mixaylov bildirir ki, İrəvan rəhbərliyi danışıq aparmaq qabiliyyətində deyil. Onun fikrincə, dekabr ayında keçiriləcək parlament seçkilərinin nəticəsində hakimiyyətə "Sasna Tsrer" kimi ultramillətçilər gələcək: "Onların Nikol Paşinyanın siyasi bəyanatlarını tam şəkildə dəstəklədiklərini nəzərə alaraq ehtimal etmək olar ki, İrəvan, çətin ki, öz istəyi ilə Qarabağın statusu ilə bağlı sülh danışıqlarına başlamağa razılıq versin". 

Həqiqətən də Ermənistanın hazırkı rəhbərliyi özünün yürütdüyü siyasətlə danışıqlar aparmaq qabiliyyətində olmadığını nümayiş etdirib. Belə ki, Nikol Paşinyanın fəaliyyətinə diqqət yetirəndə, onun  münaqişə ilə bağlı bu gün dediyi sözləri, sabahı gün təkzib edərək, əks fikirlər səsləndirməklə məşğul olduğunu görərik. Bunu bilərəkdən, yaxud bilməyərək, siyasi savadsızlıq üzündən etdiyini deyə bilmərik, ancaq görünən odur ki, İrəvan növbəti dəfə danışıqlar prosesindən yayınmağa, onu başqa müstəviyə keçirməyə çalışır. Ermənistanın günahı üzündən danışıqların növbəti dəfə alınmaması fonunda isə aydın məsələdir ki, Azərbaycan beynəlxalq qanunların verdiyi hüquqdan istifadə edərək, güc müstəvisinə keçib, düşməni cəzalandırmalı olacaq. 
Politoloq Qabil Hüseynlinin fikrincə, rusiyalı ekspert Yevgeni Mixaylov Paşinyan hökumətilə bağlı dəqiq proqnoz verib: “Fikrimcə, rusiyalı ekspert Yevgeni Mixaylov Ermənistan rəhbərliyinin danışıq aparmaq qabiliyyətində olmamasını deməklə çox dəqiq diaqnoz qoyub. Paşinyanın özü doğrudan da peşəkarlıqdan uzaq, yetişməmiş bir siyasətçidir. Atalar sözündə deyildiyi kimi, “Qırxında öyrənən, gorunda çalar”. Yəni, bundan sonra onun peşəkar siyasətçiyə çevrilməsi kifayət qədər problemli məsələdir. 
Danışıqlar məsələsində Ermənistanın ən komponentli adamı xarici işlər naziri Zöhrab Mnatsakanyandır. O, BMT kimi qurumda Ermənistanın nümayəndəsi olub. Amma o da danışıqlar aparmaqda səriştəsizlik nümayiş etdirir, söhbəti ümumi mövzulara çəkir. Hazırda Milanda münaqişənin tənzimlənməsi üzrə xarici işlər səviyyəsində danışıqlara start verilib. Bu danışıqlar görüşə bir stimul verməlidir. Amma heç kəs Ermənistanın stimul verəcəyini gözləmir. Ona görə artıq daha çox rusiyalı ekspertlər də etiraf edirlər ki, İrəvan rəhbərliyi danışıqlar aparmaq iqtidarında deyillər. Zənnimcə, onların belə rəyə gəlməsi həm Paşinyanın danışıqlar apara bilməmək qabiliyyətilə bağlıdır. Həm də bununla İrəvan rəhbərliyi sadəcə olaraq, danışıqları yubatmaq, vaxtı uzatmaq və bir növ Azərbaycanı bezdirmək taktikasını tutublar. Aydın məsələdir ki, danışıqlar praktikası real nəticə verməyəndə Azərbaycanın daha inamlı mövqe nümayiş etdirməyə hərtərəfli haqqı var. Azərbaycan bunu nümayiş etdirəcək ki, bu da Ermənistana baha başa gələcək. Qarşıdan gələn yaza qədər Ermənsitana vaxt verilib. Həmin zamana qədər İrəvan danışıqlarda konstruktiv mövqe ortaya qoya bilməsə, savaş qaçılmazdır”.
Rüfət NADİROĞLU