Daşqın təhlükəsi yenidən baş qaldırır
25 Aprel 2013 08:15 (UTC+04:00)
Soyuq fəslin arxada qalması ilə əlaqədar hər il olduğu kimi, yaz
yağışları fonunda cari ildə də çayların səviyyəsində artım müşahidə
edilib. Əsasən dağ və Kür - Araz çaylarında müşahidə edilən
artımlar bəzi dövrlərdə əhaliyə müəyyən ziyan da vurub. Hətta son
günlər normadan artıq düşən yağıntılarla əlaqədar oxşar hadisəyə
paytaxt ərazisində də təsadüf olunur.
Amma bu il üçün ölkə əhalisi sözügedən problemdən o qədər də
narahat olmaya bilər. Çünki, məsələdə ekspertlərlə aidiyyatı
qurumun optimist proqnozları üst - üstə düşür. Məsələyə münasibət
bildirən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli
Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar
Bürosunun baş hidroloqu Asif Verdiyev bildirir ki, biz bununla
əlaqədar aprelin əvvəlində aprel, may və iyun ayları - gursululuq
dövrünə dair proqnoz vermişik: "Bu ilin gursuluq dövründə çaylarda
sululuq keçən illə müqayisədə o qədər də fərqlənməyəcək. Hal -
hazırda Respublikanın çaylarında gursululuq dövrü müşahidə
olunmaqdadır. Ancaq bu, bir qədər sabitliyi ilə müşahidə edilir.
Yəni, yağan yağışlarla əlaqədar çaylarda, xüsusi ilə də dağ, Quba -
Xaçmaz, Lənkəran - Astara bölgəsi çaylarında sululuqda artım var.
Eyni zamanda, Kür və Araz çaylarında artımlar qeydə alınıb. Ancaq
hazırda Kür çayının aşağı hissələrində sabit səviyyə müşahidə
olunmaqdadır".
Baş hidroloq onu da əlavə etdi ki, ümumiyyətlə, respublikanın
ərazilərində daşqın və sel hadisələri əsasən may və iyun aylarında
müşahidə olunur: "Yəni, hər il Böyük Qafqazın cənub yamac
çaylarında qısamüddətli olsa da, daşqınlar müşahidə edilir. Bu,
Kişçay, Çürümüşçay, Talaçay, Dəmiraparançay, Göyçaydır ki, onlarda
qısamüddətli daşqınlar da olur. Çünki, may və iyun aylarında yağan
intensiv leysan yağışları ilə əlaqədar qısamüddətli daşqınların
olması istisna edilmir".
Asif Verdiyev onu da qeyd etdi ki, bu il Kür çayından Şəmkir su
anbarına axım normanın 75-94, Qanıx çayından Mingəçevir su anbarına
axım normanın 74-102, Araz çayından Araz su anbarına axım isə
normanın 40-60 faizini təşkil edəcəyi gözlənilir: "Böyük Qafqazın
cənub-qərb (Balakən-Şəki) yamacı çaylarında sululuğun normanın
86-123, şimal-şərq (Quba-Xaçmaz) yamacı çaylarında 86-104, Kiçik
Qafqazın (Daşkəsən-Gədəbəy) çaylarında 58-88, Naxçıvan MR
çaylarında 35-87, Lənkəran-Astara bölgəsi çaylarında isə 52-84
faizini təşkil edəcəyi gözlənilir".
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman
Zeynalovun fikrincə, dağətəyi zonalarda - Şəki, Zaqatala, Quba və
Qusarda daşqınlar gözləniləndir: "Əgər bundan sonra Bakıdakı kimi
güclü yağışlar yağsa, həmin yerlərdə də mütləq daşqınlar olacaq.
Aran zonaları isə Kür və Arzadan asılıdır. Lakin Arazla, Kürün
səviyyəsi o qədər də çox olmayacaq ki, bu zonaları su altında
qoysun".
Ekoloq daşqınlara səbəb olan amilləri də bildirdi: "Birincisi, qış
vaxtı havaların quraqlıq keçməsidir. Bizdə də bu il qış vaxtı
quraqlıq keçib. Təkcə dağ zonalarında qar yağdı. İkinci səbəb isə
mart - aprel aylarında güclü yağan yağışlardır. Əsasən bunlar
daşqın və sellərə səbəb olur. Daşqınları ən çox Kiçik və Böyük
Qafqaz dağlarında gözləmək olar. Əsasən də Böyük Qafqaz dağlarında
olur. Bunların vura biləcəyi ziyanı minimuma endirmək üçün
əvvəlcədən əhaliyə xəbərdarlıq etmək lazımdır. Həm də yağışları
anbarlaşdırmaq olar. Bir də su kanallarının çəkmək və çayların
diblərini təmizləmək lazımdır ki, çay sularının səviyyəsi
qalxmasın".
Telman Zeynalovun sözlərinə görə, daşqınlar ekoloji pozuntu yox,
təbii prosesdir: "Ancaq bəzi hallarda təbii proseslərə müdaxilələr
də ola bilər. Bununla da yağıntıların, rütubətin, quraqlığın
miqdarını artıra bilərlər. Bu gün ABŞ, həm də Rusiyada
hərbçilərində təbiətə müdaxilə edə bilən qurğular var. İstədikləri
vaxtı istənilən yerə müdaxilə edə bilirlər ki, gələcəkdə həmin
zonalarda ərzaq qıtlığı, şoranlıq, quraqlıq yaradaraq, öz
məhsullarını satmaq üçün bazar formalaşdıra bilsinlər".