BSU-da Azərbaycanşünaslığın aktual problemləri müzakirə olundu - FOTOLAR

2 May 2012 14:08 (UTC+04:00)

Mayın 2-də Bakı Slavyan Universitetində "Azərbaycanşünaslığın aktual problemləri" mövzusunda III Beynəlxalq elmi konfransın açılışı oldu. Tədbir Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunub. Konfransı giriş nitqi ilə AMEA-nın müxbir üzvü, Bakı Slavyan Universitetinin rektoru professor Kamal Abdullayev açdı. O, konfrans iştirakçılarını salamlayaraq tədbirin əhəmiyyəti haqqında xəbər verdi: "Sevindirici haldır ki, konfransımızda Türkiyə, Belarus, Ukrayna, Cexiya və Yunanıstanın səfirləri iştirak edir. Həmçinin dünyanın müxtəlif tanınmış universitetlərindən tanınmış professorlar da bizim aramızdadır. Qonaqlarımızın hər birini salamlayıram və onları burda görməkdən məmnunam."

Çıxış üçün söz alan təhsil nazirinin müavini Qulu Novruzov nazir Misir Mərdanovun təbrikini konfrans iştirakçılarına çatdırdı. O, həmçinin konfransin əhəmiyyətini qeyd edərək, belə elmi tədbirlərin ölkəmiz üçün çox böyük önəm kəsb etdiyini açıqladı. "Konfransın gündəliyində kifayət qədər maraqlı mövzularla rastlaşdım. Bu çox əhəmiyyətli haldır. Digər tərəfdən 11 xarici ölkədən qonaqların iştirakı bu əhəmiyyəti daha da artırır."

"Ümumilli liderin xalqımız üçün gördüyü işləri sadalamaqla bitməz. Dövlətimiz günü-gündən inkişaf edir. Bu gün də həmin inkişafı hiss etmək olar. Məhz bu uğurların nəticəsidir ki, tezliklə ölkəmizdə "Avroviziya" kimi möhtəşəm musiqi yarışmasdı keçiriləcək." – bunu Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəmməliyev açıqladı.

AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva belə bir tədbirin düzənlənməsindən məmnunluğunu ifadə edərək Heydər Əliyevin xalqımız üçün gördüyü işlərdən danışdı.

AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru İ. R. Məmmədzadə isə Heydər Əliyevin Azərbaycan elminə göstərdiyi diqqət və qayğıdan söhbət açdı: "Sizə təkcə fəlsəfə sahəsindən danışmaq istərdim. Ümummilli lider hakimiyyətə gəldikdən sonra bu elm sahəsində çox böyük irəliləyişlər oldu. Azərbaycanın bu günkü uğurları da Ümummilli liderin əməyinin nəticəsidir."

Tədbirdə Yunanıstanın Azərbaycandaı səfiri İ. Metaksas və Ukraynanın səfiri A. P. Mişenko da çıxış etdilər. Müzakirələrə qatılan xarici ölkə səfirləri də öz nitqlərində ölkələrarası əlaqələrin yaradılmasında Heydər Əliyevin rolunun əvəzsiz olduğunu etiraf etdilər. Digər çıxış edən qonaqlar də konfransın əhəmiyyətini yüksək qiymətləndirərək, bu konfransın elmimizin inkişafına müsbət təsir edəcəyini vurğuladılar.

Xatırladaq ki, bu konfrans AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsi və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə gerçəkləşir.

Tədbirin işinə Rusiya, Ukrayna, Türkiyə, Çexiya, Qazaxıstan, Almaniya, Gürcüstan, Litva, İran, Misir, Polşa olmaqla dünyanın 11 ölkəsindən elm xadimlərinin qatılıb. 46-sı xarici ölkə nümayəndəsi olmaqla 200-dən çox mütəxəssis konfransda təmsil olunmaq üçün məqalə göndərib. Konfransda ölkəmizi AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu, Nizami adına Ədəbiyyat İnstitutu, Füzuli adına Əlyazmalar İnstitutu, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu, Arxeologiya və Etnoqrafiya İnstitutu, Tarix İnstitutu, Folklor İnstitutu, Memarliq və İncəsənət İnstitutu, İqtisadiyyat İnstitutları, AMEA-nın Naxçıvan bölməsi, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Gəncə Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Mədəniyyat və İncəsənət Universiteti, Azərbaycan Milli Konservatoriyası, Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Müəllimlər İnstitutu, Baki Biznes Universiteti, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Özəl Universitetlərinin nümayəndələri təmsil edirlər.

Mayın 2-də həmçinin konfrans çərçivəsində müasir rus yazıçısı B.T.Yevseyevin BSU-nun Filologiya fakültəsinin tələbləri üçün "Müasir rus novellasının janrı" adlı ustad dərsləri və Rusiyanın tanınmış tənqidçi, yazıçı, publisist və ədəbiyyatşünası L.A.Aninskinin Bakı Slavyan Universitetinin "Tərcümə problemləri" elmi-tədqiqat laboratoriyasında həyata keçirilən "Filoloqun kitabxanası-100" layihəsi çərçivəsində tərcümə olunmuş "Ceviz ləpəsi" ("Ядро ореха") kitabının təqdimat mərasiminin keçirildi. Günün ikinci yarısında isə qonaqlar Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev Muzeyi və Bakı şəhərinin görməli yerləri ilə tanış olublar.

3 may tarixində konfrans öz işini Novxanı qəsəbəsində yerləşən "Akva-Park" otelində davam edəcək. Həmçinin konfransa xaricdən qatılmış qonaqların 4 may tarixində Şamaxı şəhərinə səfəri və Şamaxıda yerləşən Heydər Əliyev Muzeyi, Diyarşünaslıq muzeyi, M.Ə.Sabirin ev muzeyi, Astrofizika Rəsədxanası və başqa görməli yerlərlə tanışlığı proqrama daxil edilib.

Açılış mərasimində dünyanın və Azərbaycanın bır sıra nüfuzlu alimlərinin, Bakıdakı diplomatik korpus nümayəndələrinin, o cümlədən dövlət xadimlərinin iştirakı gözlənilir.

Konfransın bağlanışı 5 may 2012-ci ildə saat 11:00 AMEA-nın Rəyasət Heyətinin Akt zalında baş tutacaq.

Tural QABİLOĞLU