Azərbaycan Asiya ilə Avropanı birləşdirən daha bir beynəlxalq marşrut xəttinin keçidiyi ölkəyə çevrilib. Lapis-Lazuli marşrut xətti ilə Əfqanıstandan daşınan ilk yüklər Bakıya çatıb. 9 yük maşınından ibarət nəqliyyat karvanı dekabrın 13-də yola çıxıb və Türkmənistana gələrək oradan dəniz yolu ilə Ələtdə yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatıb.
Daşınan yüklərə əsasən pambıq, küncüd, quru meyvə və digər məhsullar daxildir. İlk səfər münasibətlə marşrut xəttinin keçidiyi ölkələrin Azərbaycandakı səfirlərinin iştirakı ilə limanda qarşılanma mərasimi təşkil edilib. Hətta gələcəkdə bu marşruta Hindistanın da qoşulacağı gözlənilir. Bu da ölkəmizin iqtisadiyyatının və tranzit imkanlarının genişlənməsinə imkan verəcək.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirir ki, Azərbaycan üçün beynəlxalq yükdaşımalardan əldə edilən gəlirin artırılması vacib məsələdir: “Yeni marşrutun fəaliyyətə başlaması da vacibdir. Azərbaycan xüsusən 2014-ci ildən sonra qeyri-neft sektorunun inkişafı konteksində, beynəlxalq yükdaşımalardan əldə edilən gəlirin artırılmasını prioritet olaraq qarşıya qoyub.
Azərbaycan üçün fərqli marşrutların fəaliyyətə başlaması həm də qeyri-neft sektorunun şəxələndirilməsi baxımından vacibdir. Bu mənada yeni marşrut Azərbaycana həm dövlət gəlirlərinin artırılması, həm də qeyri-neft sektorunda gəlirlərin şaxələndirilməsi üçün yeni imkanlar yaradır. Eyni zamanda bu, o deməkdir ki, Azərbaycan region üçün logistik baxımından əhəmiyyətli ölkələrdən biridir. Fərqli marşurutlarla yanaşı, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin reallaşması istiqamətində Azərbaycanda infrastrukturun genişləndirilməsi ilə bağlı görülən işlər gəlirləri şaxələndirə biləcək”.
Digər iqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, artıq Şərq-Qərb dəhlizinə qoşulan ölkələrin məhsullarının Avropaya çatdırılması yolunda ilk addımlar atıldı: “Bir tərəfdən bu, həm reklam xarakterli, həm də digər ölkələrə də bu dəhlizin sağlam, sərfəli olduğuna göstərə biləcək bir addımdır. İlk addım olduğu üçün önəmli bir məsələdir.
Düzdür, Əfqanıstanın istehsal potensialı sağlam olmasa da, Hindistanda güclü potensial var. Hindistanın bu xəttə qoşulması ilə Azərbaycan üzərindən keçməklə məhsullarının Avropaya çatdırılması ölkəmizin həm tranzit imkanlarını genişləndirəcək, həm də tranzit gəlirlərini artıracaq. Çünki hökümətin qarşıya qoyduğu məqsədlərdən biri Azərbaycanı tranzit mərkəzə çevirməkdir. Həm Şərq- Qərb, həm də Cənub-Şimal dəhlizləri vasitəsi ilə Azərbaycanı əsas mərkəzə çevirərək daha çox gəlirləri əldə etməyə hesablanıb.
Düzdür, dərhal çox böyük effekt verəcək bir lahiyə deyil. Bunun üçün zaman lazımdır. Yük dövriyyəsinin kəskin artmasına ehtiyac var. Hər halda istiqamət, əlavə büdcə gəlirləri olaraq tranzit xərcləri bir neçə ildən sonra çox önəmli yer tutacaq. Bu baxımdan tranzit gəlirlərinin nəzərəçarpacaq dərəcədə artması gözlənilir. Buna görə də önəmli məsələdir. Gələcəkdə Hindistanın da bu xəttə qoşulması baş versə, Çinlə birlikdə bu xəttin daha geniş şəkildə istifadə olunması reallaşsa, bu, Azərbaycana ciddi gəlirlərin gəlməsinə səbəb ola biləcək”.
Mübariz BAYRAMOV