Araz Əzimov Ankarada Türkiyə Xarici İşlər Nazirliyinin rəsmiləri ilə görüşlər keçirib

1 May 2013 11:30 (UTC+04:00)

Türkiyədə səfərdə olan Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Xarici İşlər Nazirliyində bir sıra görüşlər keçirib.


APA-nın Türkiyə XİN-ə istinadən yaydığı məlumata görə, Araz Əzimov ilk öncə nazirliyin aparat rəhbərinin müavini Fatih Ceylanla görüşüb. Görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrdə yüksək səviyyədə inkişaf etdiyi vurğulanıb. Tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin mövcud durumu, regionda gedən proseslərlə bağlı fikir mübadiləsi aparıblar.

 

Araz Əzimov həmçinin Türkiyə XİN-in Aparat rəhbəri, səfir Firidun Sinirlioğlu ilə də görüşüb. Görüşlərdə Azərbaycanın Türkiyədə fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırov da iştirak edib.