Həbsxanaya telefon və narkotik keçirmək istəyənlər tutuldu

1 May 2013 14:02 (UTC+04:00)

Bakıda 3 saylı İstintaq təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb. Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Penitensiar xidmətin və 3 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb. Aprelin 30-da həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan 1976-cı il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin oğurluq - 177.2.2 ( təkrar törədildikdə); 177.2.3 (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə); 177.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirli bilinərək 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Orucəli Nadir oğlu Vəliyevə vətəndaş Ravil Mahmud oğlu Şahverdiyevin gətirdiyi sovqata baxış keçirilib.


Baxış zaman şampun qablarının içində sellofana bükülərək gizlədilmiş 2 (iki) ədəd "Nokia" markalı mobil telefon aparatı, 1(bir) ədəd "Sim-Sim" danışıq kartı, 17 (on yeddi) ədəd narıncı rəngli "Tramadol" dərmanının həbləri, digər sellofana bükülərək gizlədilmiş xalis çəkisi 0,175 qr. olan narkotik maddə - "heroin" aşkar edilərək götürülüb.


Faktla əlaqədar araşdırma aparılır.