TQDK sədri Gəncə və Qazax şəhərlərində vətəndaşları qəbul edəcək

1 May 2013 16:39 (UTC+04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə Gəncə və Qazax şəhərlərində vətəndaşları qəbul edəcək.


 TQDK-nın mətbuat xidmətindən Mövqe.az-a verilən xəbərə görə, Gəncə şəhərində keçiriləcək qəbulda Gəncə, Göygöl, Samux, Goranboy, Naftalan, Şəmkir, Daşkəsən, Gədəbəy rayon sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər, Qazaxda keçiriləcək qəbulda isə Qazax, Ağstafa və Tovuz rayon sakinləri iştirak edə bilərlər. Gəncə şəhərində qəbul mayın 15-də TQDK-nın Gəncə regional bölməsində, Qazax şəhərində qəbul isə mayın 16-da Qazax Şahmat Mərkəzində keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı həm elektron, həm də yazılı formada aparılacaq. Bunun üçün komissiyanın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (www.tqdk.gov.az/SedrinQebulu) və ya TQDK-nın Gəncə regional bölməsinə müraciət etmələri (əlaqə tel: (022) 256-50-67) xahiş olunur. Bundan əlavə, TQDK Gəncə regional bölməsinin əməkdaşları aşağıda qeyd olunan tarixlərdə saat 10:00-dan 17:00-dək Şəmkir, Gədəbəy, Göygöl, Naftalan, Goranboy, Daşkəsən, Samux, Qazax, Ağstafa, Tovuz rayon təhsil şöbələrində vətəndaşları qəbula qeydiyyata alacaqlar. Qeydiyyat mayın 2-də Şəmkir və Gədəbəy, mayın 3-də Göygöl və Naftalan, mayın 6-da Goranboy, mayın 7-də Daşkəsən, mayın 8-də Samux, mayın 13-də Qazax və Ağstafa, mayın 14-də isə Tovuzda aparılacaq.