Yeraltı avtomobil dayanacaqları boş qalıb

2 May 2013 08:25 (UTC+04:00)

Paytaxt Bakının böyüyən problemlərindən biri kimi xarakterizə edilən tıxaclar barədə indiyə qədər kifayət qədər yazılıb, vəziyyətdən çıxış yolu olaraq müxtəlif xarici təcrübələrin tətbiqi vacib sayılıb. Ancaq artıq müəyyən qismi tətbiq edilən xarici təcrübələr də tıxac probleminin tam çözümünə imkan vermir. Real vəziyyət isə ondan ibarətdir ki, təkcə günün pik yox, əksər saatlarında paytaxtın bir sıra küçə və prospektlərində tıxaca rast gəlmək mümkündür.

Tıxacın səbəbləri isə müxtəlifdir. Onlardan ən maraq doğuranlardan biri bir sıra avtomobil dayanacaqlarının boş qalmasıdır. Söhbət burada əsas etibarı ilə yen inşa edilən çoxmərtəbəli binaların yeraltı dayanacaqlarından gedir. Məsələ bundan ibarətdir ki, bina sahibləri yeraltı dayanacaqları sakinlərə kifayət qədər baha qiymətə təklif edirlər. Yaxud da icarə üçün ayda tələb olunan məbləğinqiyməti yüksək olur. Qiymət bahalığı isə bina sakinlərini yeraltı dayanacaqlardan imtina etməyə vadar edir. Nəticədə onlar avtomobillərini binanın ətrafında, küçənin səkilərində saxlamağa daha çox üstünlük verirlər. Bir sıra iri ticarət mərkəzlərində də yeraltı dayanacaqlarda qiymətlər yüksək olduğundan sürücülər avtomobillərini belə mərkəzlərin ətrafında, onun yanından keçən küçələrdə saxlamağa meylli olurlar. Çünki gün ərzində bel ədayanacaqlarad maşın saxlamaq üçün bəzən 10 manata qədər vəsait ödəmək lazım gəlir.

Bu səbəbdən bəzən maşınlar dar olan küçə boyunca düzülməklə, başqa avtomobillərin hərəkətinə maneçilik törədir, həm də ümumi mənzərəni korlayırlar. Özü də bu maşınların hər biri istənilən an evakuatorla aparıla bilər. Bakı şəhərində tıxacların aradan qaldırılması məqsədilə gün ərzində 50-100 arası maşın evakuator vasitəsi ilə cərimə meydançasına aparılır. Onlar icazə verilməyən yerlərdə dayanma qanunlarını pozan sürücülərdir. Nəqliyyat vasitəsinin aparılması üçün 20 manat təxliyyə haqqı evakuasiya xidmətinə ödənilir, dayanma və durma qaydalarını pozduğuna görə də əlavə 15 manatdan 20 manata qədər cərimə ödənilir. Dəfələrlə xəbərdarlıq olmasına baxmayaraq, avtomobillərin qadağan olunan yerlərdə saxlanılması halları hələ də mövcuddur.

Qeyd edək ki, avtomobil dayanacağı probleminin həllinin sivil yolu iri parkinqlərlə yanaşı, kiçik dayanacaqların da yaradılmasıdır. Ancaq bu zaman qiymətlər də müvafiq olmalıdır. Düzdür, paytaxtda çoxlu sayda ucuz dayanacağa rast gəlmək olar. Burada maşın saxlamağın qiyməti 10 qəpikdən 50-ə qəpiyə qədər dəyişir. Lakin belə dayanacaqlar və onlara nəzarət edənlərin xidməti qanuni deyil.

Nəqliyyat Nazirliyi də öz növbəsində paytaxtda avtomobillərin hərəkətinin daha intensiv olduğu küçələri müəyyənləşdirərək, həmin ərazilərdə parkinqlər və elektron dayanacaqlar yaratmaq istiqamətində addımlar atır. Lakin qeyd edək ki, paytaxtın müəyyən mərkəzi hissələrində küçələr dar, nəqliyyatın hərəkəti isə həddindən artıq intensiv olduğundan burada tıxac probleminin tam həllinin mümkünlüyü sual altındadır. Lakin istənilən halda dayanacaqların inşası və burada sərfəli qiymətin tətbiqi genişlənməlidir. Çünki, hesablamalar görə, hazırda Azərbaycanda bir kilometr yola 41,3, Bakıda isə hər kilometrə 426 avtomobil düşür. Ekspert Nüsrət İbrahimov bununla bağlı bildirib: "Bakıdakı avtomobillər bir cərgəyə düzülsə, yollarda hərəkət dayanar. Əgər bu problem həll olunmasa, gələcəkdə şəhərdə maşınlar hərəkət etməyəcək, nəqliyyat dayanacaq". Onun sözlərinə görə, gələcəkdə nəqliyyat böhranını aradan qaldırmaq üçün şəhərin sərhədlərini genişləndirmək, mərkəzdə əhalinin sıxlığını azaltmaq lazımdır: "Küçələrin sayını artırmaq, onları genişləndirmək, həmçinin işıqforların sayını azaltmaq da pis olmazdı. Yaşayış binalarını şəhərdən kənarda tikmək lazımdır. Əgər bu tədbirlər görülsə, vəziyyət qismən yaxşılaşacaq. Son zamanlar hər il avtomobillərin sayı 7-8% artır. Əgər bu tendensiya davam edərsə, Respublikadakı avtomobillərin sayı 2 milyonu keçəcək. Bu zaman yollarda ümumiyyətlə yer olmayacaq".

Bunnula yanaşı, tıxac probleminin çözüm üçün piyada və sürücülərin yol mədəniyyəti səviyyəsinin artırılması üçün müvafiq addımlar atılmalıdır. Əks halda tıxac problemi əsəbləri korlamaqda davam edəcək.