“Azərbaycanda heç bir media orqanı fəaliyyətinə qadağa qoyulduğunu iddia edə bilməz”
2 May 2013 13:03 (UTC+04:00)
"Senzura olan vaxtı mətbuatla senzura idarəsi üz-üzə idi.
1998-ci ildən sonra dövlət media ilə cəmiyyəti üz-üzə buraxdı. Hamı
məsuliyyətli, jurnalistikanın qaydalarınmı əxz etmiş insan deyil.
1998-ci ildən sonra biz nə qədər məhkəmə prosesi yaşadıq, nə qədər
jurnalistlər həbs olundu. Hətta ayrı-ayrı insanların jurnalistlərə
fiziki təsirləri faktı ilə üzləşdik. Amma bu keçilməsi vacib olan
bir proses idi və bunu yaşamalı idik". APA-nın məlumatına görə, bu
fikirləri Prezident Administrasiyasının ictimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli Həsənov "Azərbaycan media məkanı: mövcud durum
və perspektiv vəzifələr" mövzusunda keçirilən tədbirdə çıxışı zaman
bildirib.
Əli Həsənov hazırda prosesin öz məcrasına düşdüyünü deyib: "İnkişaf
öz tendensiyasını formalaşdırır. Ümumi tendensiya ondan ibarətdir
ki, hakimiyyətin məqsədi azad söz, media mühitini formalaşdırmaq,
jurnalistləri getdikcə peşəkarlaşdırmaq, onların qələmi vasitəsilə
cəmiyyətlə hakimiyyətin şəffaf bir ortamını yaratmaq idi. Bu artıq
öz nəticələrini verib. Bu gün bəzi beynəlxalq qurumların
iddialarının əksinə olaraq Azərbaycanda azad mətbuat mövcuddur. Heç
kim deyə bilməz ki, hadisə haqqında məlumat almaq və yaymaq
imkanından məhrumdur. Azərbaycanda heç bir media orqanı onun
fəaliyyətinə bu və ya digər şəkildə qadağa qoyulduğunu iddia edə
bilməz. Əlbəttə böyük cəmiyyətik və baş verən hər hansı hadisədən
sığortalanmamışıq. Jurnalistlərlə bağlı döyülmə və məhkəmə halları
yaşanır. Biz bunlardan xali deyilik və iddia da etmirik ki,
cəmiyyət bu problemlərdən tam qurtulub. Amma bütövlükdə media
siyasətinin tendensiyaları və prioritetləri cəmiyyətimizə oturub.
Əsas məsələ ondan ibarətdir ki, azad media mövcuddur, arzu edən
istənilən şəxs jurnalist fəaliyyəti ilə məşğul ola bilər,
jurnalistlər istənilən hadisə barədə material toplayaraq yaya
bilər".
Əli Həsənov medianın mövcud durumuna subyektiv yanaşan daxili və
xarici qüvvələrin olduğunu deyib: "Bunlara da həqiqəti
çatdırmalıyıq və bu reallığı sübut etməliyik ki, Azərbaycandakı
hazırkı media mühiti öz demokratikliyi, şəffaflığı və
jurnalistlərin fəaliyyətinə yaradılan şəraiti ilə dünya
ölkələrindən çox da fərqlənmir. Bəzilərindən irəlidəyik,
bəzilərindən geridəyik, bəziləri ilə isə bir sıradayıq".



