Müğənnilərimiz musiqimizi necə təbliğ edirlər?

2 May 2013 17:12 (UTC+04:00)

Bu gün Azərbaycan mədəniyyətinin, musiqisinin dünyada təbliğ olunmasında dövlət tərəfindən yetərincə addımlar atılır, müvafiq işlər görülür. Lakin hesab edilir ki, Azərbaycan musiqisinin dünyada təbliğində müğənnilər özləri də fəal iştirak etməlidirlər. Lakin əksər indiki əksər müğənnilərin timasalında bu sahədə bir passivlik müşahidə olunur. Məsələyə münasibət bildirən əməkdar artist, Akademik Opera və Balet teatrının solisti, tanınmış və sevilən müğənni Gülüstan Əliyeva Mövqe.az-a aşıqlamasında qeyd edir: "Dövlətin dəstəyi olan yerdə biz də, əlbəttə ki, mədəniyyətimizin, musiqimizin inkişafı, layiqincə təbliği üçün əlimizdən gələni edirik. Bütün sənət adamları əlundən gələni edir. Mən də, digər sənət yoldaşlarım, hətta gənc müğənnilər belə musiqimizi təbliğ edir".

G. Əliyeva konkret özünün musiqimizi necə təbliğ etməsi barədə isə bildirib: "Dövlətin bölgələrin sosial-mədəni inkişafı ilə bağlı proqramı var. Bununla bağlı biz ardıcıl olaraq UNESSO xətti ilə master klassların keçirilməsi ilə konsertlər edirik. Şəxsən mahnılarımızı, mədəniyyətimizi, muğamlarımızı harda yüksək səviyyədə təbliğ etmək olarsa, mən Gülüstan Əliyeva olaraq bunu edirəm. Həmçinin xarici ölkələrdə Almaniyada, Avstriyada, Moldovada, Ukraynada, Türkiyədə və digər ölkələrdə musiqimizi təbliğ edirəm. Bu, bizim bir sənət insanı kimi borcumuzdur".

Sənətində peşəkar olmayan müğənnilər barədə də Gülüstan xanım mövqeyini açıqlayıb: "Cəmiyyətin özündə, müxtəlif peşələrdə də belə insanlar var, həmçinin sənət aləmində də… Onlar hansısa mənafe güdürlər, yetərincə özlərini doğrultmurlar. Onlar təsadüfi insanlardır və zaman özü hər şeyi yerinə qoyacaq, onları da sıradan çıxaracaq".

Ssenarist Vüsal Nuru isə məsələyə bir qədər sərt yanaşır: "Azərbaycanın indiki müğənnilərinin bir çoxu savadsızdır. Elementar səhnə davranışlarını, mədəniyyət normalarını bilmirlər. Onların mədəniyyəti təbliğ eləməsi nəinki, gülüncdür, hətta biabırçılıqdır. İnsanlarda ikrah hissi oyadır. Belələri Azərbaycan mədəniyyətini, incəsənətini məhvə aparır. Bu missiyanın başında əksər müğənnilər cəlladcasına dururlar".

Vüsal Nuru xaricdə "Azərbaycan musiqi və mədəniyyətini təbliğ edirəm" deyən müğənnilərə də kəskin iradını bildirdi: "Xaricə mədəniyyətimizi təbliğat adıyla gedən müğənnilərin bir çoxu əslində öz puluyla istirahətə gedənlər, pul qazanmaq üçün gedənlərdir. Onların əsas məqsədləri çəkdirdikləri şəkillərin arxa fonlarıdır. Fonda şəhər düşsün ki, onlar harda olduqlarını bizim gözümüzə soxa bilsinlər. Bunlar mədəniyyət təbilağatına yox, onların toy biznezlərinə xidmət etmək üçündür".