Azərbaycanda tropik malyariya xofu
2 May 2013 18:10 (UTC+04:00)
"Azərbaycanda üç nəfərdə tropik malyariya aşkarlanıb. Tropik
malyariya 1930-cu illərdə də bizim ölkəmizdə qeydə alınıb".
Bu sözləri Movqe.az-a Respublika Gigiyena və Epidemiologiya
Mərkəzinin (RGEM) parazitologiya şöbəsinin rəhbəri Süleyman
Məmmədov deyib. S. Məmmədov bildirib ki, tropik malyariya xəstəliyi
qeydə alınan şəxslər Afrikada bu xəstəliyə yoluxublar: "Bizdə o
xəstəliyi yayan ağcaqanadlar yoxdur. Düzdür, əvvəllər olub.
1930-cu illərdə Azərbaycanda da tropik malyariya ocaqları
alovlanıb. Amma görülmüş tədbirlər nəticəsində bu xəstəliyin
qarşısını almağa nail olmuşuq".
S. Məmmədovun sözlərinə görə,ötən il malyariyaya yoluxma halı üç
nəfərdə qeydə alınıb: "Ölkədə malyariya xəstəliyi ilə bağlı
vəziyyət təhlükəli deyil. Malyariya xəstəliyinin kütləvi yayılması
sonuncu dəfə 1996-1997-ci illərdə baş verib. Həmin dövrdə 13135
nəfərin bu xəstəliyə yoluxduğu qeydə alınıb. İndi demək olar ki,
ölkədə malyariya ilə bağlı ciddi təhlükə yoxdur. May ayından
başlayaraq endemik ərazilərdə profilaktik tədbirlər həyata
keçirilir. Xəstəliyin əsas yayıcısı olan "anofeles" ağçaqanadların
kökünü kəsmək üçün nəmişlik olan rayonlardakı bataqlıqlar
dizenfeksiya olunur. Malyariya ocaqlarında potensial infeksiya
mənbələrini zərərsizləşdirmək məqsədi ilə kimyəvi profilaktika
işləri də aparılır".
Həkimlər isə malyariya xəstəliyinin təhlükəli olduğunu söyləyirlər.
Həkim parazitoloq Nərminə Hacıyeva deyir ki, malyariyaya yoluxmuş
şəxsin əks müalicəsi, yaxud vaxtında müalicə edilməməsi qaraciyərin
sıradan çıxması ilə nəticələnir: "Malyariya "anofoles"
ağcaqanadlarının sancması nəticəsində baş verir. Bu ağcaqanad
malyariyaya yoluxmuş bir adamı dişləyib digərinə qonandan sonra o
da xəstəliyə yoluxur. Qızdırma ilə müşahidə olunan xəstəliyi
müəyyən etmək üçün analiz verilməlidir. Əgər infeksiya
aşkarlanarsa, mütəxəssisə müraciət olunmalıdır. Malyariya üşütmə,
fasiləli qızdırma tutmaları ilə müşahidə edilən, retikuloendotelial
sistemin (dalaq, qarciyər, ilik) zədələnməsi ilə özünü büruzə verən
infeksion xəstəlikdir. Xəstəliyi təkhüceyrəli orqanizmlər törədir,
malyariya ağcaqanadları (anopheles) yayır. Malyariya ağcaqanadı
insanın qanını sorarkən plazmodilər ağcaqanadın orqanizminə düşür
və burada cinsi çoxalma siklini keçirir. Nəticədə xəstəliyin
inkubasiya dövrü bitir. Bu dövr üçgünlük malyariyada 7-21,
dördgünlük malyariyada 21-42, tropik malyariyada 9-16 gün davam
edir. Bundan sonra titrətmə, hərarətin yüksəlməsi və şiddətli
tərləmə ilə müşahidə edilən qızdırma tutmaları baş verir. Titrəmə
20-30 dəqiqədən 2-4 saata kimi davam edir. Başağrısı, əzginlik,
təngnəfəslik, öskürmə, bəzən də qusma ilə müşahidə edilir. Xəstənin
hərarəti birdən-birə 40-41 dərəcəyə yüksəlir. Bu hal 8-12 saat
davam edir. Xəstə bərk tərlədikdən sonra yüksək hərarət yavaş-yavaş
enir. Xəstədə remissiya (tutmalar olmayan dövr) baş verir.
Xəstəliyin formasından asılı olaraq, bu mərhələ 48-72 saat davam
edir. Sonra tutmalar yenidən təkrarlanmağa başlayır. Bir neçə
tutmadan sonra dalaq, qaraciyər böyüyür, xəstələrdə zəif sarılıq
müşahidə edilir. Ağız, burun ətrafında uçuqlar əmələ gəlir.
Xəstəlik malyariya koması kimi ağırlaşmalar verir. Əgər vaxtında
müalicə aparılmazsa qaraciyər serrozu yarana bilər. Tam müalicə və
effektiv nəticə əldə etmək üçün xəstə ən azından bir kurs, yəni 17
gün müalicə almalı və həkim nəzarətində olmalıdır".