Qardaş Türkiyə ilə işğalçı Ermənistan arasında diplomatik
münasibətlər olmasa da qeyri-rəsmi səviyyədə ticarət əlaqələrinin
mövcudluğu heç kimə sirr deyil. Elə bunun nəticəsidir ki, Türkiyə
iş adamlarının Ermənistanda biznes qurmasına dair kifayət qədər
faktlar mövcuddur. İndi Ermənistanda Türkiyə istehsalı olan
müxtəlif mallara rast gəlinməsi adi hal kimi qarşılanır.
Hadisələrin real inkişafı isə qarşıdakı dövr ərzində bu dövlətlər
arasında qeyri-rəsmi ticarət əlaqələrinin həcminin daha da
artacağını istisna etmir. Bunu İrəvanda Ermənistan və Türkiyə
biznesmenlərinin noyabrın 22-də öz işinə başlayan ikigünlük
konfransı da təsdiq edir. Qeyd edək ki, konfrans əsnasında iki ölkə
biznes strukturları arasında əməkdaşlıq haqqında memorandum
imzalanacağı planlaşdırılır.
Ermənistan Sənayeçilər və Sahibkarlar İttifaqından alınan məlumata
görə, sənədə əsasən, diplomatik münasibətləri olmayan iki ölkə
biznes dairələri arasında əməkdaşlıq yaratmaq nəzərdə tutulur.
Ermənistan Sənayeçilər və Sahibkarlar İttifaqının təşkil etdiyi
konfransda Türkiyənin müxtəlif şəhərlərindən müxtəlif biznes, o
cümlədən tikinti, yüngül sənaye və filiz-mədən, zərgərlik, mebel
istehsalatı və ticarət sahələrini təmsil edən işgüzar adamları
iştirak edir.
İttifaqın sədri Arsen Qazaryanın sözlərinə görə, bu konfransdan
sonra Ermənistan və Türkiyə biznes dairələri arasında
münasibətlərin daha da inkişaf edəcəyində əmindir. O, Qars,
Ərzurum, Diyarbəkir, Van, İstanbul və Türkiyənin başqa
bölgələrindən 42 biznesmen gəldiyini bildirir. Arsen Qazaryanın
sözlərinə görə, Ermənistanla Türkiyə arasında diplomatik
münasibətlərin olmaması türk biznesmenlərinə ermənistanlı
həmkarları ilə əməkdaşlıq etməyə, istehsal etdikləri məhsulu
Ermənistan bazarlarına çıxarmağa mane olmur. "Biznes adamlarının
əlaqələri olub və qalacaq, ölkələr arasında soyuqluğun və Türkiyə
hökumətinin birtərəfli embarqosunu aradan qaldırılmasına kömək
edəcək".
Konfransda iştirak edən və Diyarbəkirdə inşaat biznesilə məşğul
olan Fırat Aslanbəy Ermənistana iki dəfə gəldiyini bildirib. O,
konfransın erməni və türk biznesmenlərinə daha yaxından tanış
olmağa, əməkdaşlıq yollarını müzakirə etməyə və gələcək əlaqələr
haqqında razılaşmalar əldə etməyə imkan verdiyini bildirir: "Biz iş
adamıyıq, bizim amacımız ticarətdir. Bu gün Ermənistanda çoxlu
Türkiyə malları satılır. Mən istərdim qapılar açıq olsun, mən də
daha çox mal gətirim". Onun sözlərinə görə, iki ölkə arasında olan
problemlər biznes əlaqələri çətinləşdirir: "Dünyada heç bir ölkə
sərhəd istəmir. Bizim sərhədlər də açıq olmalıdır. Bu gün Türkiyə
Respublikası bütün qonşuları ilə problemsiz münasibətlər siyasətini
yeridir. Ermənistan da qonşu ölkədir. Belə ki, ticari əlaqələrimiz
mümkündür. Niyə də mümkün olmasın".
Konfransın sonunda Ermənistan və Türkiyə biznes strukturları, o
cümlədən biznesmen qadınlar arasında əməkdaşlıq haqqında memorandum
imzalanacağı planlaşdırılır.
Türkiyə sənayesinin məhsulları və texnologiyalarının keyfiyyəti ilə
yerində tanış olmaq məqsədilə, Türkiyədə istehsal olunan məhsul
nümunələrinin sərgisi açılacağı planlaşdırılır. Konfrans Birləşmiş
Ştatların Beynəlxalq İnkişaf Agentliyi (USAID),
"Avrasiya-əməkdaşlıq" və Beynəlxalq İnsan İnkişafının vasitəçiliyi
ilə keçirilir.
Xatırladaq ki, cari ilin iyulunda Türkiyə və Ermənistan
biznesmenləri İrəvanda görüşüblər və qarşılıqlı ticarəti və turizmi
inkişaf etdirmək haqda saziş imzalayıblar. Arsen Gazaryan isə iddia
edir ki, sərhədlərin bağlı olmasına rəğmən hazırda Türkiyə ilə
Ermənistan arasında ticarət dövriyyəsi 250 milyon dollardır,
halbuki iki qonşu ölkə arasında birbaşa quru yolu yoxdur.
Lakin yuxarıda qeyd olunanlara rəğmən Türkiyə rəsmiləri
Ermənistanla ticarət əlaqələrinin olmasını təkzib edirlər. Məsələn,
təxminən 2 ay əvvəl bu məsələyə toxunarkən Türkiyənin
Azərbaycandakı səfiri Hulusi Kılıç bildirmişdi ki, Türkiyə ilə
Ermənistan arasında diplomatik əlaqələr olmadığı kimi, ticarət
əlaqələri də yoxdur.
Ancaq səfir onu da qeyd etmişdi ki, bununla belə, dünyanın harasına
baxsanız bunu aydın görmək olar ki, müxtəlif dövlətlər arasında
dolayısı ilə ticarət əlaqələri var: "Rəsmi olaraq, Türkiyə ilə
Ermənistan arasında bu cür münasibətlər mövcud deyil. Başqa bir
ölkədən bizim mallarımız Ermənistana keçmiş ola bilər. Amma
qətiyyətlə deyirəm ki, Türkiyə ilə Ermənistan arasında rəsmi olaraq
heç bir ticarət əlaqəsi yoxdur". Bu fonda aydın görünür ki,
Türkiyənin hələ sərhədlər açıq olmadığı şəraitdə Ermənistanla
ticarət dövriyyəsi belə artan xətt üzrə inkişaf edir.