Gediş haqqının artırılması təklifinin əsas səbəbi üzə çıxdı
2 May 2013 18:55 (UTC+04:00)
Artıq bir neçə gündür ki, şəhərdaxili sərnişindaşımada qiymət
artımı ilə bağlı narahatlıq davam edir. Şəhərdaxili
sərnişindaşımada gediş haqlarının artırılması ilə bağlı Tarif
(Qiymət) Şurasına müraciət edən Nəqliyyat Nazirliyinin bu təklifinə
müsbət cavab verilməyib. Buna baxmayaraq, hələ də əhali arasında
ictimai nəqliyyatda gediş haqqının artacağı ilə bağlı narahatlıqlar
qalmaqdadır. Bəs görəsən şəhərdaxili sərnişindaşımada gediş
haqqının artacağı ehtimalları varmı? Nəqliyyat nazirinin müavini
Musa Pənahov jurnalistlərə açıqlamasında deyib ki, sərnişindaşıma
şirkətlərinin nazirliyə müraciət edərək qiymətlərin artırılmasını
istədiklərini bildirib: "Onlar bunu hazırki tariflərin xərclərini
ödəmədiyi ilə əsaslandırırlar. Xidmətin səviyyəsini daha da
artırmaq üçün gediş haqqını artırmaq lazımdır".
İqtisadi İnkişaf Nazirliyindən isə Nəqliyyat Nazirliyinin qiymət
artımı ilə bağlı təklifini belə əsaslandırdığını söylədilər:
"Şəhərdaxili sərnişindaşımada tariflərin artırılması yeni nömrələmə
sisteminə keçidlə əlaqələndirilib. Yeni nömrələmə sisteminin
tətbiqi ilə paytaxtda marşurutların əksəriyyəti ixtisar olunub.
Nəticədə fəaliyyətdə olan xətlərin məsafəsi artırılıb. Bunun isə
xərclərə təsir etdiyi əsas gətirilərək gediş haqqının artırılması
təklif olunub. Amma bildiyiniz kimi, Tarif Şurası qiymətləri olduğu
kimi saxlayıb".
İqtisadçı Vüqar Bayramov isə deyir ki, bir sıra marşurutları
ixtisarı sərnişindaşıma xidməti göstərən sahibkarların yox,
sərnişinlərin xərclərini artırıb: " Şəhərdaxili sərnişindaşımada
xərclərin strukturunda heç bir dəyişiklik baş verməyib. Yanacağın
qiyməti də sabit qalıb. Əksinə xətlərin ixtisarı sərnişinlərin
xərclərini artırıb. Əvvəl bir avtobusla mənzil başına çatan
sərnişin, xətlərin ixtisarından sonra məcbur olub ki, iki-üç
avtobus dəyişsin. İndi əmək qabiliyyətli sərnişinlərin şəhərdaxili
sərnişindaşıma üçün xərclədiyi vəsait daha çoxdur. Bu əmək
qabiliyyətli şəxsə bir ay üçün 25 manat təşkil edir. Bu isə kifayət
qədər böyük məbləğdir. Nəqliyyat Nazirliyinin sahibkarların adından
qiymət artımı üçün etdiyi müraciət əsassızdır".