Prokurorluq araşdırmalara başladı - kütləvi zəhərlənmə ilə bağlı-YENİLƏNİB

1 Mart 2019 11:49 (UTC+04:00)

Cəlilabad rayonunda marketdə zəhərlənənlərin kimliyi və hadisənin təfərrüatı məlum olub.

Movqe.az-ın məlumatına görə, hadisə şəhərdə yerləşən "Green Store" adlı marketdə baş verib.

Zəhərlənən 14 nəfərin hamısı marketin işçiləridir. Bunlar  Hadiyeva Aidə Həşim qızı (1992-ci il təvvəlüdlü), Şəbiyeva Zeynəb (2003-cü il təvvəlüdlü), Quliyeva Aidə Qurban qızı (1994-ci il təvəllüdlü), Şəbiyeva Sevinc Ərəstun qızı (1984-cü il təvəllüdlü), Abdullayeva Rəna Mehman qızı, Eynullayeva Günay Rafət qızı, Bağırova Gülnar Tofiq qızı və Ağayeva Afət Mirhüseyn qızıdır.

Məlumata görə, marketin döşəməsi təmizlənərkən kimyəvi məhluldan istifadə edilib. Məhz bu kimyəvi məhlulda işçilərin zəhərlənməsinə səbəb olub. Zəhərlənən şəxslər dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

***

Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, fevralın 28-də şəhər ərazisində yerləşən "GREEN STORE" mağazası işçilərinin kimyəvi maddələrlə zəhərlənmələri faktı ilə bağlı araşdırma aparılır.

Baş vermiş hadisə ilə bağlı polis və prokurorluq orqanları əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib, baxış zamanı maddi sübutlar götürülüb, müvafiq ekspertizalar təyin olunub.

Hadisə ilə bağlı izahatlar alınıb, mağazada quraşdırılan müşahidə kameralarının video görüntüləri götürülüb.

Xatırladaq ki, fevralın 28-də axşam saatlarında şəhər ərazisində yerləşən "GREEN STORE" mağazası işçiləri arasında kütləvi zəhərlənmə hadisəsi baş verib.

Hadisə nəticəsində mağazanın 15 əməkdaşı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.