Leyla Əliyeva dəb sərgisi keçirəcək
3 May 2013 11:17 (UTC+04:00)
Rusiyanın Azərbaycanlı Gənclər
Birliyinin sədri Leyla Əliyevanın təşəbbüsü ilə mayın 5-də Moskvada
MOD-Design Müasir Dizayn və İnnovasiyalar Mərkəzində gənc Rusiya və
Azərbaycan dizaynerlərinin işlərindən ibarət AMOR-Fashion Day
sərgisi keçiriləcək.
RAGB-ın əlaqələndiricisi Natiq Əliyev bildirib ki, ilk
dəfə olaraq Rusiya paytaxtında, eyni zamanda üç şəhərin – Moskva,
Bakı və Sankt-Peterburq şəhərlərinin dizaynerləri bir meydançada öz
geyim nümunələrini nümayiş etdirəcəklər. Bu, müasir Azərbaycan və
Rusiya dizaynerlərinin novator ideyaları ilə tanış olmaq üçün
həqiqətən nadir imkandır.
Üslublar, parçalar və fakturalar dəblə geyinən ən zövqlü
insanların başını gicəlləndirə bilər. Kolleksiyalarda bu mövsümdə
çox aktual olan ipək, şifon, krujeva və əlbəttə, hamının çox
sevdiyi pambıq parçalar nümayiş etdiriləcək.
RAGB-Faşhion Day bütün maraqları
nəzərə alır. Burada dizaynerlərin ayrıca toy paltarları nümayiş
etdiriləcək. Gecənin qonaqları defiledən sonra dizaynerlərlə
görüşəcək, onların və rəssamların yaratdıqları performansa, xüsusən
məhəndiyə (bədəndə həna rəsmləri sənətinə) tamaşa edəcəklər.
MOD-Design mərkəzinin foyesində "Baku" jurnalının təşkil etdiyi
BAKU-Fashion fotoşəkil sərgisi keçiriləcək.
Gecənin qonaqları arasında Rusiya və
Azərbaycanın tanınmış ictimai xadimləri, stilistləri və bloggerləri
olacaq.