Mingəçevir-Yevlax yolunda avtomobil su kanalına düşüb

3 May 2013 11:14 (UTC+04:00)

Mövqe.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 1992-ci il təvəllüdlü Xanəliyev Ayxan Sabir oğlunun idarə etdiyi "Hyundai" markalı minik avtomobili Mingəçevir-Yevlax yolunun 6-cı kilometrliyində su kanalına düşüb.

 

Nəticədə minik avtomobilinin sürücüsü və avtomobildə olan 2 nəfər sərnişin - 1977-ci il təvəllüdlü İsmayılov Cahid Zakir oğlu, 1990-cı il təvəllüdlü Beydiyev Xəyal Nazim oğlu aldıqları bədən xəsarətlərindən hadisə yerində ölüblər.

 

Avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünün meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqlardan istifadə edilməklə çıxarılaraq Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib.

 

Digər meyitlər isə əhali tərəfindən çıxarılaraq Yevlax Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Hadisə ilə əlaqədar müvafiq hüquq-mühafizə orqanları tərəfindən təhqiqat aparılır.