ATƏT Minsk qrupu: Azərbaycan və Ermənistan liderləri yaxın vaxtlarda görüşməyə razılıq veriblər

1 Mart 2019 15:45 (UTC+04:00)

"Azərbaycan və Ermənistan liderləri ATƏT-in Minsk qrupu həmsədrlərinin yaxın vaxtlarda görüş keçirmək təklifini qəbul ediblər".

Movqe.az xəbər verir ki, bu, ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona son səfərinin yekununa dair birgə bəyanatında bildirilir.

Bəyanatda həmsədrlərin bu yaxınlardakı Bakı və İrəvan səfərləri zamanı liderlərin yanvar ayında Davosdakı Dünya İqtisadi Forumu zamanı danışıqları barədə onlara məlumat verdikləri qeyd olunur.

Xatırladaq ki, regiona son səfərləri zamanı həmsədrlər Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla sözügedən ölkələrdəki mövcud vəziyyəti müzakirə edərək bundan sonrakı addımlarla bağlı gözləntilərini çatdırıblar.

“Həmsədrlər təmas xəttində hələ də itkilərin olmamasını müsbət qiymətləndirib. Onlar həmçinin regionda əhalini sülhə hazırlamaqla bağlı müzakirələrin genişlənməsini alqışlayıblar”, - bəyanatda vurğulanır.