Problemli kreditlərlə bağlı inqilabi addım iqtisadi inkişafa yeni təkan verir

2 Mart 2019 07:00 (UTC+04:00)

Problemli kreditlərlə bağlı Prezidentin verdiyi qərar cəmiyyətimizdə böyük ruh yüksəkliyilə qarşılanıb.Qeyd edək ki, Pezident İlham Əliyevin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanına əsasən,  vətəndaşların 10 min dollara qədər olan kreditlərinə devalvasiya nəticəsində hesablanmış bütün faiz borcları silinir.

2012-ci il yanvarın 1-dən 2015-ci il 21 fevraladək olan kredit borclarının hər dolları üçün dövlət büdcəsindən 25 qəpik, 2015-ci il 21 fevralından 21 dekabrınadək verilən dollar kreditlərinin hər dolları üçün isə 60 qəpik ödənilməlidir. Habelə, devalvasiya nəticəsində borcun artan hissəsi və hesablanmış faiz hissəsi dövlət büdcəsindən ödəndikdən sonra yerdə qalan hissə restruktruzasiya ediləcək-yəni şərtlər dəyişdiriləcək.

Verilən bu fərman iqtisadiyyat üçün illərdir narahatlıq yaradan problemin həllinə ciddi təsir edir. Vətəndaşlar, iqtisadiyyat, banklar bundan qazanclı tərəf kimi çıxış edirlər.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov da qeyd edir ki, problemli kreditlər məsələsinin həllindən həm vətəndaşlar, həm bank sektoru, həm də ölkə iqtisadiyyatı qazanc əldə edəcək: “Əslində, bu qərar gözlənilən qərar idi. Təbii ki, verilən qərarın bütün istiqamətlərdə müsbət təsirləri olacaq. Bu qərarla əsas stimul banklar və vətəndaşlara verilib. Dövlət isə prosesdə daha çox tənzimləyici olaraq iştirak edir. Əsas məqsədi də iqtisadiyyatı hansısa formada yaranmış problemlərdən staqnasiyasının qarşısını almaqdır.

Düşünürəm ki, problemli kreditlərin həll edilməsilə bağlı görülən tədbirlər  ilk növbədə vətəndaşın maliyyə yükünü azaldacaq, onun maliyyə-təsərrüfat fəaliyyətinin tənzimlənməsi üçün daha optimal mühit formalaşdıracaq. İkincisi, bankların problemli kreditlərlə bağlı yaranmış həcmin azalmasına, eyni zamanda kapital adekvatlılığı, həmçinin likvidliyinə müsbət təsir göstərəcək. Dövriyyədən kənar qalmış vəsaitlərin istifadəsi üçün əlavə mühit yaradacaq. Bank sektorunda mənfəət normasının yüksəlməsinə  və burada sağlamlaşdırma prosesinin sürətlənməsinə gətirib çıxaracaq.

Bütövlükdə götürəndə bu proseslərin ümumi nəticəsi olaraq iqtisadi aktivlik də nisbətən artacaq. Çünki vətəndaşlara müəyyən kompensasiyanın ödənilməsi nəzərdə tutulur. Bu da müxtəlif hesablamalara görə təxminən 700 milyonla-1,2 milyard manat arasında dəyişə bilər. Bu vəsaitlər ümumi məcbu tələbin artmasına gətirməklə yanaşı, iqtisadi böyüməyə də müsbət təsir edəcək. İstənilən halda bütün tərəflər yaranmış situasiyadan özünə uyğun yararlana biləcək”.

İqtisadçı alim Əli Əlirzayev də əminliklə qeyd etdi ki, atılan həmin addım ölkə iqtisadiyaytında güclü bir canlanmaya gətirib çıxaracaq: “Problemli kreditlərin həlli edilməsi müsbət addımdır. Amma bununla hökumət də risqə gedib. Amma bütün hallarda problemin həlli lazım idi və həll də olundu. Bu sxemdə tətbiq olunan model vaxtilə yazdığım əmanətlərin bərpası haqqında qanunda da öz əksini tapmışdı.

Fərman ilk növbədə əhalinin vəziyyətinin yaxşılaşmasına xidmət edəcək. Banklar isə bu günə qədər ödənilməyən vəsaitlərini geri alacaq. Nəticədə onlar da öz fəaliyyətlərini gücləndirəcəklər. Onlar bununla əlavə kredit resursları əldə edəcək. İqtisadiyyatımızda canlanma baş qaldıracaq”.

Rüfət NADİROĞLU