Sahibkarlara dəstək sosial proqramların mühüm tərkib hissəsidir

2 Mart 2019 09:45 (UTC+04:00)

Bu gün Azərbaycan dayanıqlı inkişaf nümayiş etdirən nadir ölkələrdən biridir. Ölkə iqtisadiyyatının 85 faizindən çoxu özəl sektorun payına düşür, bu da dövlətimiz tərəfindən özəl sahibkarlara dövlət dəstəyinin real göstəricisidir. Ölkəmizdə özəl sahibkarlığın inkişafı üçün olduqca əlverişli mühit yaradılıb. Ölkə rəhbərliyinin düzgün və dünyada baş verən hadisələrin hərtərəfli surətdə nəzərə alan daxili və xarici siyasəti sayəsində  ölkədaxili makroiqtisadi sabitlik təmin olunub, əlverişli investisiya iqlimi formalaşdırılıb. Bu gün Azərbaycan investisiyaların yatırılması, sahibkarlıq fəaqliyyətinin həyata keçirilməsi üçün az sayda olan ən uyğun ölkələrdən biridir.

İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı Azərbaycan sahibkarlarının ixrac potensialları araşdırılır və bunun gücləndirilməsi istiqamətində müvafiq proqramlar həyata keçirilir. Qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatlar, yerli istehsalın stimullaşdırılması, rəqabətədavamlı qeyri-neft məhsullarının istehsalı, ixracatçılara yaradılmış əlverişli şərait, "Made in Azerbaijan" brendinin xarici ölkələrdə tanıdılması və xarici investisiyaların təşviqi istiqamətində görülən işlər sahibkarların gəlirlərini xeyli artırıb. Belə ki, indi Azərbaycanda istehsal edilən məhsullar xarici keyfiyyətinə və zahiri görünüşünə görə nəinki yerli alıcıların, həm də xarici bazarlara ayaq ayaq açaraq əcnəbilərin tələbatını və zövqünü ödəmək səviyyəsindədir.

İstehsalın və ixracın dəstəklənməsi üçün kompleks və ardıcıl tədbirlərin həyata keçirilməsi üçün Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının yaradılması sahibkarlığın inkişafı, eləcə də şərab istehsalı və ixracının artırılması, ölkəmizin ixrac imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətli rol oynayıb. İxrac təşviqinin 45%-ə yaxını üzüm şərabı və digər spirtli içkilərin payına düşür.

Qeyri-neft məhsulları ixracının artırılması istiqamətində özəl bölməyə hərtərəfli dövlət dəstəyi göstərilir. Bu məqsədlə həyata keçirilən ixrac missiyalarında və sərgilərdə Azərbaycan istehsalı olan məhsullara böyük maraq göstərilir. İndiyədək Azərbaycan məhsulu olan şərablar 7 ixrac missiyasında və beynəlxalq sərgilərdə 7 vahid ölkə stendində təmsil olunub. Azərbaycanın Belarus, Ukrayna və Latviyada yaradılmış ticarət evlərində yerli şərab məhsulları uğurla nümayiş olunub.

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında sahibkarlara güzəştli kreditlərin verilməsinin və investisiya təşviqi mexanizminin tətbiqinin davam etdirilməsi, xarici ölkələrdə ticarət evlərinin açılması, sahibkarların bu prosesə yaxından cəlb olunması və s. tapşırıqlar verib.
Azərbaycan İnvestisiya Şirkəti, Sahibkarlığa Kömək Milli Fondu, “Aqrolizinq” ASC vasitəsilə özəl sektora göstərilən dəstək, AZPROMO, Bakı Biznes Tədris Mərkəzi və s. mexanizmlər vasitəsilə göstərilən məsləhət xidmətləri sahibkarlığın inkişafı baxımdan əhəmiyyətlidir. Son 16 ildə layihələrinin ümumi dəyəri 4 milyard manatdan çox olan 34 minə yaxın sahibkara 2 milyard manatdan çox güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması nəticəsində 153 mindən çox yeni iş yeri açılıb. Verilmiş güzəştli kreditlərin 1 milyard manatı büdcə, 1 milyard manatı geri qaytarılan vəsaitlərdir. Güzəştli kreditlərin 70 faizi aqrar sektorun, 30 faizi müxtəlif sənaye və digər sahələrin inkişafına yönəldilib. Verilmiş kreditlərin 76 faizi regionların, 24 faizi   isə Bakı qəsəbələrinin payına düşür. 

Görülən tədbirlər nəticəsini verir və ölkədə qeyri neft sektoru üzrə ixrac ildən-ilə artır. 2018-ci ildə Azərbaycan 1,689 mlrd. ABŞ dolları dəyərində qeyri-neft məhsulu ixrac edib. Bu, 2017-ci ilə nisbətən 151 mln. dollar dollar və yaxud 10% çoxdur.  Azərbaycan ixrac etdiyi qeyri-neft məhsullarının siyahısında ilk yerləri pomidor (177,4 mln. dollar dəyərində), qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda, 118 mln. dollar dəyərində) və xurma (114,5 mln. dollar dəyərində) olub. Ötən il “Azexport.az” portalına 514 mln. dollarlıq ixrac sifarişi daxil olub. 

Bütün bu gəlirlərin arxasında ixrac istiqamətiəndə sahibkarlara dövlət dəstəyi, önündə isə  cəmiyyətin maddi rifah halının daha da yaxşılaşması durur.

N.NOVRUZ