Mətbuat Şurasının komissiyalarının birgə iclası keçirilib (FOTO)

2 Mart 2019 10:31 (UTC+04:00)

Mətbuat Şurasının «Reket jurnalistika»ya qarşı mübarizə və Apellyasiya Komissiyalarının birgə iclası keçirilib.

Movqe.az-ın məlumatına görə, iclasda Şuranın Şikayətlər üzrə Komissiyasının «Təzadlar» qəzeti ilə bağlı «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasına ünvanladığı təqdimat ətrafında müzakirə aparılıb.

Müzakirə zamanı bildirilib ki, «Təzadlar»ın fəaliyyətində «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»nın prinsiplərinin pozulması halları davamlı hal almaqdadır.

Qəzetin adı vaxtilə Şuranın «qara siyahı»sında yer alıb. MŞ-nin «Reket nəşrlər»in müəyyənləşdirilməsinə dair Təlimatında göstərilir ki, adı «qara siyahı»dan çıxarılmış kütləvi informasiya vasitəsi bundan nəticə çıxarmadığı halda onun adı yenidən həmin siyahıya qaytarıla bilər. Sözügedən nəşr barədə Azərbaycan Mətbuat Şurasına son bir il ərzində intensiv müraciətlər daxil olub, həmçinin qəzet Şuranın Şikayətlər üzrə Komissiyasının tövsiyələrinə əhəmiyyətsiz yanaşıb. Buna görə də təklif edilib ki, «Təzadlar» qəzetinin adı yenidən Şuranın «qara siyahı»sına daxil edilsin.

Apellyasiya Komissiyası tərəfindən “Ailə”, “Avrotayms”, “Bakı press”, “Güzgü”, “Dünya kriminal” və “Obyektiv fikir” qəzetlərinin adlarının Şuranın “qara siyahı”sından çıxarılması təklif olunub. Nəzərə alınıb ki, sözügedən nəşrlər barədə uzun müddətdir Şuraya şikayətlər daxil olmur, bəziləri artıq fəaliyyətini dayandırıb. Bununla bağlı qərar yekdilliklə qəbul edilib.