Xalq artisti: Ümummilli lider Heydər Əliyevin mədəniyyətə qayğısı, diqqəti bu gün məhz Prezident İlham Əliyev tərəfindən davam etdirilir

2 Mart 2019 12:35 (UTC+04:00)

Ümummilli lider Heydər Əliyevin mədəniyyətə qayğısı, diqqəti bu gün məhz Prezident İlham Əliyev tərəfindən davam etdirilir.

Movqe.az-ın məlumatına görə, bunu Xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini Hacı İsmayılov Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə çıxışı zamanı deyib.

H.İsmayılov bildirib ki, Azərbaycanın gözəllikləri bu gün göz oxşayır: "Amma o gözəlliklərlə yanaşı, biz dayana bilmərik, biz qabağa getməliyik, inkişaf etməliyik hər barədə, həm mədəniyyətimiz, həm iqtisadiyyatımız. Mən fürsətdən istifadə edərək, möhtərəm Prezidentimizə ürəkdən təşəkkür edirəm. Nəinki mədəniyyət xadimləri, bütün Azərbaycan xalqı sizi çox istəyir, Sizə böyük ehtiramları, böyük inamları var. Mədəniyyət işçiləri, hamımız sevinirik ki, bizim belə Prezidentimiz var. Dünya şöhrətli, gözəl, böyük siyasəti olan, Azərbaycanın xoşbəxtliyini təmin edə bilən bir insan bizim möhtərəm Prezidentimizdir, dövlətimizin başçısıdır".

Xalq artisti qeyd edib ki, müstəqil Azərbaycan Respublikası bu gün sürətli inkişaf yolundadır: "Bu gözəlliyi hamımız görürük. Onu da qeyd edim ki, bu inkişaf başqa sahələrlə yanaşı, eyni zamanda, mədəniyyətimizin və incəsənətimizin də inkişafına kömək edir. Sözsüz ki, bu inkişaf, canlanma, cənab Prezident, Sizin mədəniyyətə, xüsusilə də teatr sənətinə qayğı və diqqətiniz sayəsində mümkün olmuşdur. Ulu öndər Heydər Əliyev teatrı və aktyor sənətini həmişə yüksək qiymətləndirib, ona böyük dəyər verib. O deyərdi ki, teatr müqəddəs yerdir, tərbiyə ocağıdır, orada işləyənlər fədakardırlar, fədaidirlər. Mən həmişə teatra yaxın və bağlı olmuşam. Bu, ötəri hiss deyil. Bu, mənim içimdən gələn bir məhəbbətdir. Ümummilli Liderimizin mədəniyyətə qayğısı, diqqəti bu gün məhz Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Əliyev tərəfindən davam etdirilir. Əlbəttə, o gözəlliklər deyirsiniz, inanın, mən Azərbaycanda olan teatr binalarını, təmir olunmuş teatr binalarını, o səhnələri, o gözəllikləri görəndə deyirəm, İlahi, nə yaxşı ki, biz bu gözəl dövlətin vətəndaşlarıyıq. Əlbəttə, vətəndaş olmaq üçün gərək Vətəni sevəsən, dövlətinə qulluq edəsən, millətinə xidmət edəsən. Bu gün buraya yığışan insanların, Azərbaycanın görkəmli incəsənət, mədəniyyət xadimlərinin sözsüz ki, bu işdə böyük fəaliyyəti, böyük zəhməti olub. Mən onların hamısına ürəkdən təşəkkür edirəm. Burada məndən yaşlı, məndən titullu insanlar var. Amma çox sevinirəm ki, bu gün hamımız bir yerdəyik. Hamımız bir yerdə Azərbaycan mədəniyyətinin təntənəsi uğrunda nələrisə deyirik, nələrisə istəyirik. Əlbəttə, sənət adamlarına verilən fəxri adlar, Prezidentin fərdi təqaüdü, mükafatlar, onların mənzillə təmin olunması - inanın, cənab Prezident, Siz nə qədər böyük işlər görmüsünüz ki, hamımızın qəlbində Sizə böyük ehtiram, böyük məhəbbət var. Biz Sizi çox istəyirik. Həmişə Sizin yanınızda olmuşuq. İnanın son prezident seçkilərində mədəniyyət işçiləri Sizi çox böyük coşqu ilə dəstəklədilər. Həmin gecə Sizin parka gəlişiniz, oradakı görüşlər, o şadlıq, o bayram mənim heç yadımdan çıxmır. Azərbaycan xalqı bütövlükdə sevinirdi ki, bizim belə Prezidentimiz var. Sizin mədəniyyətə, teatr sənətinə olan münasibətiniz bizi çox sevindirir".

Teatr Xadimləri İttifaqının sədr müavini əlavə edib ki, 50 ilə yaxın işlədiyim Azərbaycan Akademik Milli Dram Teatrı bu illər ərzində böyük uğurlar qazanıb: "Uğurlarımız da onda olub ki, biz elə saydığımız yerdə qalmamışıq. Bizim teatrda əvvəllər böyük səhnə və kiçik səhnə olub, indi artıq böyük səhnədən başqa dörd səhnəmiz var.

Bu gün bizim martın 1-də toplaşmağımız çox əlamətdardır. Çünki 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məhz martın 1-də Azərbaycanda 10 mart - Milli Teatr Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Artıq 6 ildir ki, biz bu günü bayram edirik, buna görə Sizə ürəkdən təşəkkür edirik. Bu, milli teatra verilən dəyər və qiymətdir".

H.İsmayılov deyib ki, Akademik Milli Dram Teatrının böyük bir arzusu var: "Əvvəla deyim ki, kollektivimiz Sizi həmişə arzulayır, həmişə istəyir. Çünki bu adət bizə Ulu Öndər tərəfindən miras qalmışdır. O, həmişə teatra gələndə tamaşadan sonra aktyorlarla, rejissorlarla söhbət edirdi. İndi də bu istək var, həmişə də bizim işçilər tərəfindən səslənir. Mən istəyirəm onu bir şəkili Mustafa kimi deyim: Sa qurban olum ay Allah, noolar, elə et bizim möhtərəm Prezidentimiz bir dəfə bizim Akademik Milli Dram Teatrına təşrif gətirsin, biz o günü bayram edək.

Əlbəttə, bu gün Azərbaycan teatr xadimlərinin gördüyü çox işlər var. Yəni, bir çatışmayan, daha doğrusu, arzuolunan odur ki, Azərbaycanda gənc dramaturqlara və gənc rejissorlara çox böyük ehtiyac var. Biz də, bizim direktorumuz Azərpaşa müəllim də bu barədə fikirləşdi. Keçən il bizim ittifaqda 5 yaradıcılıq laboratoriyası açılıb. Gənc rejissorların, aktyorların, eksperimental rejissorların, tənqidçilərin və bir də gənc dramaturqların laboratoriyası artıq fəaliyyət göstərir. Burada 43 nəfər təhsil alır və mən inanıram ki, onların Azərbaycan mədəniyyətinə böyük töhfələri olacaq. Çünki bunlar hamısı gəncliyə aiddir və gənclər mütləq bu sənətə gəlməlidirlər. Bizlərin çoxu yaşlaşır".

Xalq artisti Azərbaycanda tamaşaçı probleminin olduğunu bildirib: "Ancaq bu, bizim teatra aid deyil. Maşallah, bizim teatrda həmişə tamaşaçılar olur, yəqin ki, bizim teatrı çox istəyirlər. Amma bizim teatrda uşaq tamaşaları var. Mən mətbuatda oxumuşam, tənqid edirlər ki, Akademik Milli Dram Teatrına uşaq tamaşaları hazırlamaq yaraşmaz. Axı, bugünkü uşaq sabah böyüyəcək, sabah teatrın əsas tamaşaçısına çevriləcək. Biz onlardan necə əl çəkə bilərik? Burada əyləşən mədəniyyət xadimlərinin hər birindən soruşsanız ki, sən mədəniyyətə, teatra, başqa sənətə hansı yaşından başlamısan, hamı deyəcək ki, məktəb illərindən. Məktəblilərlə teatrların münasibəti, ünsiyyəti qurulmalıdır. Özü də bu, ya yazılı, ya şifahi şəkildə olmalıdır ki, məktəblilər mütləq teatra gəlsinlər. Çünki onlar bizim gələcək tamaşaçılarımızdır.

Bir-iki kəlmə də onu demək istəyirəm ki, çox ağrılı da deyil, paradoksal bir şeydir ki, dövlət tərəfindən maliyyələşən ittifaqlar və təşkilatlar var. Onlar da 18 faiz vergi ödəyir. Amma dövlət tərəfindən maliyyələşməyən Teatr Xadimləri İttifaqı da 18 faiz vergi ödəyir. Burada qəribə uyğunsuzluq var, yəqin ki, bunu düzəltmək olsaydı, bizim daha çox imkanlarımız olardı. Çünki Teatr Xadimləri İttifaqının üzvlərdən yığdığı pulların hamısı o üzvlərin xəstəliyinə, yaşlı olmağına, xeyrinə-şərinə istifadə olunur. Yəni, teatr xadimləri özü-özünü dolandırır. Mən Mədəniyyət Nazirliyinə ürəkdən təşəkkür edirəm. Üç ildir ki, onlar bizə maddi yardım edirlər. Çox sağ olsun Əbülfəs müəllim o barədə. Ürəkdən təşəkkür edirik.

O qeyd edib ki, Azərbaycan Teatr Xadimləri İttifaqı dünyada tanınmış təşkilatın - UNESCO-nun beynəlxalq teatr institutunun üzvdür: "Eyni zamanda, Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının üzvüdür. Buraya MDB, Baltikyanı ölkələr, bir də Gürcüstan daxildir. Bu forumda Azərbaycanı 5 gənc dramaturq, 6 teatr rəssamı, 3 tənqidçi təmsil edib və iki tamaşa oynanılıb. Hazırda isə Mədəniyyət Nazirliyinin bilavasitə təşəbbüsü, maddi köməyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə Moskvadakı Şukin adına teatr məktəbində bizim 10 gənc teatr təhsili alır, həm aktyor kimi, həm rejissor kimi. Mən inanıram ki, onlar qayıdandan sonra bizim mədəniyyətimizə öz töhfələrini verəcəklər və eyni zamanda, özlərinin yeni teatr düşüncələrini gətirəcəklər.

İcazənizlə, çıxışımı müstəqil Azərbaycanın memarı və qurucusu Ulu Öndərin tarixi sözləri ilə bitirim. O deyirdi ki, yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcək, həmişə yaşayacaqdır. Mədəniyyət bəşəriyyətin topladığı gözəl nümunələrlə xalqları zənginləşdirir. Azərbaycan mədəniyyəti o zənginliyə öz payını verib və əminəm ki, bundan sonra da verəcək".