Dağlıq Qarabağ məsələsi ABŞ-da müzakirə olunub
3 May 2013 11:58 (UTC+04:00)
Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin
(SAM) direktoru Fərhad Məmmədov, qurumun direktor müavini Gülşən
Paşayeva, millət vəkili Asim Mollazadə, XİN-in mətbuat xidmətinin
rəhbəri Elman Abdullayev, SAM-ın Xarici siyasət məsələlərinin
təhlili şöbəsinin aparıcı elmi işçiləri Kamal Makili-Əliyev və
Heydər Mirzədən ibarət olan nümayəndə heyəti Kolumbiya
Universiteti, Harriman İnstitutunda dəyirmi masada iştirak
edib.
SAM-nan Trend-ə verilən məlumata
görə, Elman Abdullayev Azərbaycanın öz potensialını Cənubi Qafqaz
regionunun inkişafına yönəltdiyini vurğulayıb, lakin
Ermənistan-Azərbaycan münaqişəsinin regionun bütövlükdə inkişafına
maneə olduğunu bildirib.
Bununla yanaşı Abdullayev münaqişənin bu günədək həll
olunmasının əsasında dünya ictimaiyyətinin münaqişənin həllinə
biganə qalmasının və Ermənistan tərəfindən beynəlxalq hüququn kobud
şəkildə pozulmasına baxmayaraq, bu ölkənin təcavüzkar siyasəti ilə
baglı heç bir ədalətli reaksiya verilmədiyinin dayandığını
vurgulayıb.
Abdullayev Azərbaycanın tarixi
təşəbbüsləri sayəsində regionun geostrateji əhəmiyyətinin artması
fonunda münaqişənin həlli ilə baglı status-kvonun dəyişdirilməsi
üçün ciddi işlərin görülməsinin zəruriliyini
vurğulayıb.
Tədbirdə əsasən ABŞ-Azərbaycan
münasibətləri, regionda baş verən hadisələr müzakirə
olunub.Nümayəndə heyətinin digər üzvləri Stratfor beyin mərkəzində
(Stratfor Strategic Forecasting Inc.) "Azərbaycan regionun enerji
körpüsüdür" (Azerbaijan as economic energy transportation nexus in
the region) mövzusunda seminar keçirib.
Seminarda SAM-ın şöbə müdiri Vüsal Qasımlı "Azərbaycan
Avrasiyanın nəqliyyat və logistika mərkəzidir" (Azerbaijan is
transport and logistics hub in the Center of Eurasia), aparıcı elmi
işçi Gülmira Rzayeva "Xəzər hövzəsindən Avropanın dounstrim
bazarına çıxış" (Connecting Caspian to the European downstream
market), aparıcı elmi işçi Zaur Şiriyev "Azərbaycana geopolitik
baxış" (Geopolitical view on Azerbaijan) və elmi işçi Şahmar
Hacıyev "Amerikanın Azərbaycanla strateji əməkdaşlığa olan
ehtiyacı" (America's Need for a Stronger Partnership with
Azerbaijan) mövzusunda məruzələrlə çıxışlar ediblər.Sonda Stratfor
beyin mərkəzi və SAM arasında elmi əməkdaşlıq perspektivləri də
müzakirə olunuub.
Xatırladaq ki, 29 aprel - 8 may
tarixlərində SAM-ın 15 nəfərdən ibarət nümayəndə heyəti ABŞ-da
rəsmi səfərdədir.Səfər zamanı ABŞ-ın nüfuzlu beyin mərkəzləri və
universitetlərində 20 konfrans, görüş və mühazirə nəzərdə
tutulub.