Ermənistanın mövqeyi Qarabağ savaşını qaçılmaz edir

5 Mart 2019 07:00 (UTC+04:00)

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan Dağlıq Qarabağda sensasion bəyanatla çıxış edərək Araz çayı boyu ərazilərdə ermənilərin məskunlaşdırılacağını, bu ərazilərin qaytarılmasından söhbət belə gedə bilməyəcəyini açıqlayıb.

Bu açıqlama onu göstərir ki, İrəvandakı rejim öz işğal siyasətindən xoşluqla, danışıqlar yolu ilə əl çəkən deyil. Ermənistan baş naziri Nikol Paşinyan və komandasının hakimiyyətə gələr-gəlməz bütün açıqlamaları məhz buna xidmət edir.

Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, Qarabağ uğrunda savaş qaçılmazdır: “Erməni rəsmilərinin münaqişənin ədalətli əsasda həllinə zidd fikir və hərəkətləri birmənalı şəkildə Qarabağ savaşının qaçılmaz olduğunu söyləməyə əsas verir. Bunu dəfələrlə demişəm, yenə də həmin fikrin üstündə dururam.

Ermənilərin bu hərəkət və niyyətləri onu deməyə əsas verir ki, düz deyirəm. Ermənilər danışıqlar, sülh yolu ilə heç nəyə razılaşmayacaqlar. Onlar hesab edirlər ki, işğal etdikləri torpaqlar əbədi olaraq onlarda qalacaq. Bu, onların «böyük Ermənistan» yaratmaq xülyasının tərkib hissəsidir. Ermənilərin bu cəfəng fikirlərinin qarşısını almaq, alt-üst etmək üçün savaşdan başqa yolumuz yoxdur. Yeganə yolumuz var ki, o da hərbi gücdən istifadə edib torpaqlarımızı işğaldan azad etməkdən ibarətdir. Əks təqdirdə, həmsədr dövlətlərin, müxtəlif beynəlxalq qurumların sözlərinə baxmaq, məsləhətlərinə qulaq asaraq ermənilərin nə vaxtsa dinc yolla işğaldan əl çəkəcəklərini gözləsək, bu baş verməyəcək. 

Ermənilərin həmişə olduğu kimi, xüsusən də son dövrlərdə yeni rəhbərlik tərəfindən verilən bütün bəyanat və sərsəm fikirlər bunu tam qətiyyətilə sübut edir”.

Politoloq Natiq Mirinin də fikrincə, artıq savaşın zamanı yetişib: “Ermənistan Milli Təhlükəsizlik Xidməti direktorunun həmin sərsəm açıqlamasını iki kontekstdə dəyərləndirmək lazımdır. Birincisi, maraqlıdır ki, bu açıqlama Ermənistan baş naziri Paşinyanın İran səfərindən sonra ortaya çıxıb. Ona görə də belə təəssürat yaradır ki, sanki həmin məsələ İrəvanla Tehran rəhbərliyi arasında razılaşdırılmış bir məqam olaraq ortalığa çıxıb. Çünki Araz çayı boyu ərazilərimizlə bağlı  məsələ indiyə kimi heç zaman müzakirə obyekti olmayıb. İndi işğal altında olan Araz çayı ətrafındakı İranla Azərbaycan sərhədləri boyunca, hətta yeni bir su elektrik stansiyasının tikintisi məsələsi gündəmə gələndə belə Bakı ciddi şəkildə Tehrana öz etirazını bildirmişdi.

Maraqlıdır ki, Paşinyanın Tehrana səfəri öncəsi İran prezidenti Ruhaninin Azərbaycanın qədim İran torpağı olduğu barədə  açıqlaması ortalığa çıxdı. Düşünürəm ki, bunlar heç də təsadüf ortalığa çıxan hadisələr deyil.

Əksinə, bunlar Azərbaycan dövlətinə həm İrəvan, həm də Tehran tərəfindən verilən bir mesajdır. İkinci bir tərəfdən onu da nəzərə alaq ki, İran heç bir vəclə gələcəkdə özünün Azərbaycanla sərhədi boyunca Qərb dövləti, xüsusən də ABŞ-ın hər hansı bir sülhməramlı qüvvələrinin yeridilməsində maraqlı deyil. Yəni Artur Vanetsyanın bu açıqlaması İranın maraqlarına xidmət edən açıqlamadır. Bu açıqlama Paşinyanın Dağlıq Qarabağ problemilə bağlı Azərbaycanla danışıqlarda nə qədər qeyri-səmimi olduğunu ortaya qoyur. Bir tərəfdən, sülh danışıqları gedir, digər tərəfdən də Dağlıq Qarabağ ərazisinə aid olmayan, xüsusilə İranla həmsərhəd olan rayonlarda  erməni əhalisi üçün yeni yaşayış məntəqələrinin yaradılması istiqamətində açıqlama verilirsə, bu, o deməkdir ki, nəinki Dağlıq Qarabağ, hətta işğal olunmuş 7 rayondan belə işğalçı Ermənistan qoşunlarının çıxarılması söhbət predmeti deyil. Belə olan halda təbii ki, Azərbaycan danışıqlar prosesini dayandırmaqla bağlı bəyanat verməli və onu təkcə Minsk qrupuna, onun həmsədr dövlətlərinə deyil, bütün beynəlxalq tribunalardan səsləndirməklə bahəm, Ermənistandan dərhal, bir ay ərzində qoşunlarını bütövlükdə işğal olunmuş ərazilərdən çıxarmasını tələb etməlidir. Əks təqdirdə BMT nizamnaməsinə uyğun öz işğal olunmuş ərazilərinin həm terrorçu, həm də işğalçılardan təmizlənməsi yönündə beynəlxalq hüququn verdyi hüquqlardan istifadə edəcəyini bəyan etməlidir.

Artıq bunun zamanı gəlib. Düşünürəm ki, Paşinyanın ziddiyyətli, ikili oyunun qarşılığında Azərbaycan çətin durumda olan onun hökumətinə vaxt, zaman tanımalı deyil”.    

Rüfət NADİROĞLU