Problemli kreditlərə görə həbs olunanlar azadlığa çıxa biləcəkmi?

5 Mart 2019 12:35 (UTC+04:00)

Prezident İlham Əliyevin problemli kreditlərlə bağlı imzaladığı fərman bu problemdən illərdir ki, əziyyət çəkənlər üçün bir müjdə oldu. Bəs görəsən bu fərmandan problemli kreditlərə görə azadlıqdan məhrum edilənlər hansı formada faydalana biləcək?


Elə bu sualla ilk olaraq bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənovla əlaqə saxladıq. 
Ə. Həsənov deyir ki, ümumən borca görə o şəxslər həbs oluna bilər ki, onlar borcu ödəməyə qadirdir, lakin pulu ödəmirlər: “Yəni, qərəzli olaraq ödəmədikləri təsdiqlənmirsə, onların həbsi qanunsuzdur. Belə həbslərdən şikayət vermək lazımdır. Kimsə əgər 10 min dollara qədər olan borca görə həbs olunaraq saxlanılırsa, onların işinə əlbəttə ki, yenidən baxılmalıdır”.
Ə. Həsənov deyir ki, kreditə görə, həbs olunanlar əsasən heç ödəniş etməyənlərdir: “Ölkə başçısı tərəfindən bu fərmanın verilməsi böyük addımdır. Amma nəzərə almaq lazımdır ki, bu fərman borcun bağlanmasını yox, devalivasiyaya görə artıq ödənilən faizlərin bağışlanmasını nəzərdə tutur. Bununla belə, bu o demək deyil ki, kredit borcuna görə azadlıqdan məhrum edilənlərin faiz yükü üstlərindən götürüldükdə onlar borcun özlərinə aid olan hissəsini bağlayacaqlar. Məzənnə dəyişikliyinə görə, yaranan artıq faizlər bağlansa da banka olan əsas borcu vətəndaş ödəməlidir. Yenə də vətəndaşın imkanı yoxdursa buna, o məhkəmə qərarını icra etməmiş qaldığı üçün cəzasını çəkməli olacaq”.


Tanınmış hüquqşunas Əlməmməd Nuriyev isə deyir ki, prezident İlham Əliyevin problemli kreditlərlə bağlı imzaladığı fərmandan sonra bu məsələ ilə bağlı yaranmış bütün mübahisələrə, məhkəmə çəkişmələrinə yeni yanaşma tətbiq ediləcək: “Bu fərman problemli kreditlərlə bağlı bütün məsələləri əhatə edəcək. Qanunla borca görə vətəndaşın həbs olunması mümkün deyil. Bu gün kredit məsələləri ilə bağlı cəza çəkənlər məhkəmə qərarını icra etmədiyi üçün azadlıqdan məhrum ediliblər. Prezidentin fərmanı ilə məzənnə dəyişikliyindən sonra yaranmış kredit faizləri və cərimə yükü vətəndaşın üzərindən götürülür. Bu borcu dövlət üstlənir. Əgər kimsə kredit faizlərini yeni məzənnə dəyişikliyi ilə ödəyibsə, onun  ödədiyi artıq faizlər özünə qaytarılacaqdır. Amma dövlət tərəfindən vətəndaşın banka olan əsas borcu silinməyib. Ona görə də, vətəndaş banka olan əsas borcunu ödəməlidir. Hər bir halda ölkə başçısının fərmanı bu sahədə yaranmış hüquqi məsələləri də əhatə edəcək”.
Zülfiyyə QULUYEVA